MƏDƏNİYYƏT
Muzey Mərkəzində növbəti sərgi - “Həyat yaradıcılıqdır”
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Muzey Mərkəzində rəssam Fərhad Həmzəliyevin “Həyat yaradıcılıqdır” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışından əvvəl Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov çıxış edərək rəssamın yaradıcılığından söz açıb. Bildirib ki, Fərhad Həmzəliyev sənətini hər şeydən üstün tutan rəssamlardan idi. Azərbaycan Memarlıq və İnşaat Universitetində təsviri incəsənət kafedrasında üç il pedaqoji fəaliyyətlə məşğul olan rəssamın rəsm əsərləri çoxşəkillidir. Deyib ki, bu ali təhsil ocağında onun rəhbərliyi altında rəsm və rəngkarlıq sənətini öyrənmiş bir sıra gənc memar və dizaynerlər yetişib. Rəssam rəngkarlıq sənəti ilə şövqlə məşğul olub. O, qısa ömür yaşamasına baxmayaraq, özündən sonra unikal əsərlər qoyub. Belə sənətkarların yaradıcılığı hər zaman bəyənilir, nümunə kimi gənc rəssamların formalaşmasında böyük rol oynayır.
Diqqətə çatdırılıb ki, sərgi çərçivəsində müəllifin 55 rəngkarlıq, 30 qrafika və 12 bədii keramika əsəri ziyarətçilərə təqdim ediləcək. Bu sərgi müasir Azərbaycan incəsənətinin daha bir səhifəsini – Fərhad Həmzəliyevin yaradıcılıq irsini yenidən kəşf etməyə imkan verəcək.
Xalq rəssamı Ağali İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digərləri çıxış edərək rəssamın yaradıcılığından, sənət fəaliyyətindən və insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Rəssamın anadan olmasının 65 illiyinə həsr olunan sərgi oktyabrın 30-dək davam edəcək.