MƏDƏNİYYƏT
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi regionlarda kurslara başlayıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi (MSXƏEBM) bölgələrdə yerləşən muzeylərin əməkdaşları üçün bu sahədə beynəlxalq təcrübə, mədəni sərvətlərin mühafizəsi və digər məsələlərə həsr edilmiş regional sərgi–seminarlar, treninqlər və təkmilləşdirmə kurslarına başlayıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan kurslarda Astara, Lerik, Ağdam, Bərdə, Beyləqan və Sumqayıt Tarix-Diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak ediblər.
Nəzəriyyə və təcrübə olaraq iki hissədən ibarət olan dərslər MSXƏEBM-in direktor müavini Nairə Sadıxova və digər əməkdaşlar tərəfindən aparılıb.
Kursun dinləyicilərinə muzey əşyası və onun mühafizə üsulları, temperatur-rütubət rejimi, bioloji rejim, metalların, keramika məhsullarının, qrafika əsərlərinin, ağac məhsullarının və arxeoloji eksponatların, habelə bərpasında kimyəvi üsulların tətbiqi, qrafik əsərlərin, keramika əsərlərinin, şüşə, sümük, ağac, dəri məmulatları, musiqi alətləri, silah nümunələri və saatların bərpası və konservasiyası mövzularında ətraflı məlumat verilib.
Kurslar oktyabrın 7-dək davam edəcək.