Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində ötən il 2073 eksponat bərpa edilib
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi üçün “Şuşa İli” məhsuldar olub. Ötən il Mərkəzdə rayon və şəhər muzeylərinə məxsus 2073 ədəd eksponatın bərpa prosesi həyata keçirilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.
Həmçinin Mərkəz tərəfindən ötən il bir neçə layihə icra olunub, maarifləndirici tədbirlər keçirilib.
Verilən məlumata görə, Mərkəz respublikanın 225-dən çox aparıcı, ev, rayon tarix–diyarşünaslıq muzey müəssisələri üçün bərpa xidməti göstərir. Yarandığı gündən bu günədək Mərkəz 28 minə yaxın müxtəlif növ muzey əşyasının bərpa və konservasiyasını həyata keçirib. Bunların sırasına tikmə, geyim, parça nümunələri, xalça və xalça məmulatları, bədii metal nümunələri (o cümlədən gümüş məmulatı), keramika nümunəsi, ağac əşya və işləmələr, musiqi alətləri, arxeoloji qazıntılardan əldə olunmuş əşyalar daxildir.
Qeyd edək ki, Mərkəzin başlıca vəzifəsi Mədəniyyət Nazirliyinə tabe olan muzeylərdə bərpaya ehtiyacı olan məmulatların qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.
Xəbərin mətnində orfoqrafik səhv var