MƏDƏNİYYƏT


Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətə başlamasının 65 illiyi qeyd edilir

Bakı, 4 oktyabr, AZƏRTAC

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin (MSXƏEBM) fəaliyyətə başlamasının 65 illiyi münasibətilə silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, silsilə tədbirlər çərçivəsində R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Mədəni irsi qorumaq naminə - 65” adlı sərgi-seminar keçirilib.

Sərgi-seminarda mərkəzin Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, eləcə də digər mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq, mərkəzin kollektivini 65 illik münasibətilə təbrik edib. O bildirib ki, Masallı Tarix-Diyarşünaslıq Muzeyində 537 eksponata ikinci həyat bəxş edən MSXƏEBM ilə növbəti 2023-cü ildə əməkdaşlığının 20 ili tamam olur. Mərkəzin bərpaçı-rəssamları muzeyin hələ Hişkədərə kəndində fəaliyyəti dövründə yüzlərlə zərər görmüş, zədələnmiş eksponatları bərpa edərək muzeyə qaytarıblar. Ə.Tağıyeva çıxışının sonunda mədəniyyətimizin yaşadılmasında, tarixi-mədəni irsimizin gələcək nəslə çatdırılmasında əvəzsiz xidmətlərinə görə MSXƏEBM-in bütün əməkdaşlarına təşəkkürünü bildirib.

Daha sonra MSXƏEBM-in direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikovanın, həmçinin elmi işlər üzrə direktor müavini İranə İbrahimovanın və baş mühafiz Pakizə Almazovanın çıxışları dinlənilib.

Qeyd edilib ki, 1957-ci ildə bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən təməli qoyulmuş MSXƏEBM bu günədək 25 mindən artıq mədəniyyət abidələrinə yeni həyat bəxş edərək mədəni irsimizi məhvolmadan xilas edib.

Direktor Zərifə Məlikova dövlətimiz tərəfindən Azərbaycan bərpaçılıq sənətinə verilən yüksək dəyərdən bəhs edib, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mərkəzin yeddi əməkdaşının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsini xüsusi vurğulayıb.

Tədbirdə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətindən bəhs edən qısa film izlənilib və bərpaçılar tərəfindən bərpa və konservasiya olunan bir neçə eksponatın təqdimatı olub.

Sonda Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova uzun illik səmərəli əməkdaşlığına görə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyevanı fəxri fərmanla təltif edib. Əntiqə Tağıyeva təşəkkürünü bildirərək eyni zamanda mərkəzə xatirə hədiyyəsi təqdim edib.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında təqdim edilən bərpa olunmuş eksponatlardan ibarət sərgi ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.