ELM VƏ TƏHSİL
“Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsinin növbəti təqdimatı
Bakı, 16 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” adlı layihəsi uğurla davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki iştirakçıları Vətən müharibəsində qələbə qazanmış şanlı ordumuzdan ilham alan “İdrak” liseyinin şagirdləri - Aydan Qurbanova, Elvina Kazımova, Zəhra Cavadova, Elmira Novruzova, Fidan Qumuxova, Nərgiz Əhmədli, Gülay Əsgərova, İlahə Səfərova, İnci Abbasova olub. İstedadlı şagirdlər muzeydə qorunan, Qarabağın mədəni irsini ehtiva edən eksponatların şəkillərini çəkiblər. Bu rəsm əsərləri balaca əsgərlərimizin Qarabağımıza töhfəsidir.
Qeyd edək ki, muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlının rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi məktəblilərə tarixə dair yeni biliklər vermək, hobbilərinə, gələcək peşə seçimlərinə kömək etmək və yenilik qatmaqdır.