Muzey əməkdaşı Axıska türklərinin tarixi və mədəniyyəti ilə bağlı materiallar toplayıb
AzerTAg.az
Bakı, 6 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova Quba-Xaçmaz bölgəsində ezamiyyətdə olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ezamiyyətin əsas məqsədi Azərbaycanda yaşayan Axıska türklərinin tarixi və mədəniyyəti ilə bağlı materialların toplanması olub. Bölgənin müxtəlif kəndlərində yaşayan Axıska türklərinin nümayəndələri ilə görüş zamanı onların sürgün həyatı və mədəniyyəti ilə bağlı maraqlı məlumatlar və materiallar toplanıb. Axıska türklərinin “Vətən” cəmiyyətinin sədri Xalid Qazıyev və ailəsi ilə, şimal bölgəsi üzrə sədr Şah İsmayıl Zabitov, Xaçmaz rayonu üzrə sədr İsgəndər Paşaliyev, məşhur axıskalı rəssam Canpolad Qəhrəmanov ilə görüşlər keçirilib.
X.Qazıyev sürgün faktlarını əks etdirən müxtəlif sənədləri muzeyə təqdim edib. Ezamiyyət çərçivəsində Quba rayonu Ağbil kəndində Axıska türklərinin ailəsində dünyaya göz açmış və Vətən müharibəsində şəhid olmuş Batdal Bayraqdarovun ailəsi ilə görüş keçirilib və şəhidə məxsus materiallar muzeyə təhvil verilib.
Vaxtilə Özbəkistandan ailəsi ilə Azərbaycana köçərək Quba rayonu Ağbil kəndində məskunlaşmış Axıska türkü Mirdəst Əbibov şəxsi kolleksiyasından bəzi etnoqrafik nümunələri muzeyə hədiyyə edib. Eyni zamanda, Mirdəst Əbibovun qardaşı Musa Əbibov və ailələri, həmçinin Qaradağ Buduq və Ağbil kənd sakinləri ilə görüş zamanı Ramazan bayramının qeyd edilməsi və Axısqa türklərinin günümüzdə də yaşayan toy adətləri ilə bağlı məlumatlar toplanılıb. Xüsusilə Qaradağ Buduq kəndinin sakini Zeynəb Vəliyeva axıskaların bu gün də yaşayan bir çox adətləri, yeməkləri və s. haqqında maraqlı məlumatlar verib. Müasir dövrdə Axıska türklərinin evlərini əks etdirən fotoşəkllər çəkilib.



Xəbərin mətnində orfoqrafik səhv var