MƏDƏNİYYƏT


“Muzey kolleksiyaları və dəyərli əşyaların təcili xilas olunması və təxliyəsi” mövzusunda vebinar keçirilib

Bakı, 12 fevral, AZƏRTAC

UNESCO-nun Almatı klaster bürosunun təşəbbüsü ilə Orta Asiya və Cənubi Qafqazda muzey işçilərinin potensialının artırılması, onların peşə fəaliyyətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə vebinar keçirilib.

“Muzey kolleksiyaları və dəyərli əşyaların təcili xilas olunması və təxliyəsi” mövzusunda keçirilən onlayn seminarda Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova əsas məruzəçi kimi geniş təqdimatla çıxış edib.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, müasir muzeylərin qarşısında duran bu cür aktual məsələ ilə bağlı məhz Azərbaycan Milli Xalça Muzeyi öz qabaqcıl təcrübəsini bölüşüb. Ş.Məlikova vurğulayıb ki, son illər fövqəladə hallar, döyüş əməliyyatları səbəbindən bir çox dünya muzeylərində yaranmış vəziyyət muzey işinin ən vacib sahəsi kimi bu problemə kifayət qədər ciddi yanaşmağın vacibliyini göstərir. O, muzey eksponatlarının təxliyəsi ilə əlaqədar müvafiq qurumlardan koordinasiyalı komanda işinin tələb olunduğunu qeyd edib.

Şirin xanım Qarabağdakı hərbi münaqişələr şəraitində muzey işinin təşkili və qiymətli muzey əşyalarının təcili evakuasiyası ilə bağlı vacib məqamları da seminar iştirakçılarının diqqətinə çatdırıb.

O, ICOM Azərbaycan Milli Komitəsinin 2020-ci ildə UNESCO-nun müvafiq beynəlxalq sənədləri əsasında ölkəmizdə fəaliyyət göstərən muzeylər üçün qiymətli əşyaların təxliyəsinə dair təlimat hazırladığını bildirib. ICOM Azərbaycan Milli Komitəsinin həm paytaxtda, həm də bölgələrdə çalışan muzey əməkdaşları ilə Azərbaycan Milli Xalça Muzeyinin bu sahədə qabaqcıl təcrübəsini bölüşdüyünü, təlimlər, seminarlar keçirdiyini deyib. Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlər götürüldükdən sonra bu istiqamətdə işlərin davam etdiriləcəyini, Ermənistanla həmsərhəd regionlarda, həmçinin təbii fəlakətin baş vermə ehtimalı yüksək olan ərazilərdə yerləşən muzeylərə xüsusi diqqət yetiriləcəyini vurğulayıb.

Ş.Məlikova muzey kolleksiyasının rəqəmsallaşdırılmasının, onların respublika, dünya və s. əhəmiyyətinə görə çeşidlənməsinin, bütün ekspozisiyaların, fondların xüsusi xəritələrinin tərtib edilməsinin əhəmiyyətindən də danışıb.

Evakuasiya planına əlavə olaraq, hərbi qarşıdurma, müəyyən bir fövqəladə vəziyyət və ya yanğın zamanı işçilərin vəzifə bölgüsünü göstərən siyahıların hazırlanmasının, muzeylərin Fövqəladə Hallar Nazirliyi ilə sıx əməkdaşlığının zəruriliyini diqqətə çatdırıb.

Qeyd edək ki, onlayn seminara Mərkəzi Asiya və Cənubi Qafqazda fəaliyyət göstərən muzeylərin əməkdaşları, səlahiyyətli dövlət qurumlarının, tədqiqat təşkilatlarının, QHT-lərin və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar. Sonda Şirin Məlikova iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.