MƏDƏNİYYƏT
Muzey ziyarətləri onlayn bilet ala biləcək
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Muzey Mərkəzində Bakıda fəaliyyət göstərən bir sıra muzeylərin ziyarəti üçün onlayn bilet satışının təşkil olunmasına həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova internet üzərindən bilet satışı istiqamətində görülən işlərdən danışıb.
Qeyd edib ki, layihə çərçivəsində yeddi mədəniyyət ocağı - Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, İstiqlal Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Teatr Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyini ziyarət üçün iticket.az saytı vasitəsilə bilet satılması nəzərdə tutulur. Onlayn bilet satışı həm vətəndaşlarımızın, həm də ölkəmizə gələn turistlərin rahatlığını təmin edəcək.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasov layihənin texniki tərəfləri haqqında məlumat verib. Vurğulayıb ki, Mədəniyyət Nazirliyi elektron xidmətlərin müasir tələblər səviyyəsində qurulması istiqamətində işlərini davam etdirir.
İticket.az şirkətinin əməkdaşı Ziya Məmmədov şirkətin fəaliyyəti barədə geniş məlumat verib.
Bildirib ki, Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən sayt ölkəmizdə təşkil olunan idman yarışlarına, konsertlərə və digər bu kimi tədbirlərə onlayn bilet satışını həyata keçirir.
Sonra bilet satışının reallaşdırılması qaydaları nümayiş olunub, layihə ilə bağlı fikir mübadiləsi aparılıb.