ELM VƏ TƏHSİL


Muzeydə 12 mindən çox arxeoloji tapıntının elektron pasportu tərtib olunub

Bakı, 5 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi (MATM) ölkəmizin ən böyük arxeoloji kolleksiyaya malik olan muzeylərindən biridir. Bu kolleksiyanın qorunması, öyrənilməsi və təbliği istiqamətində muzeydə geniş və səmərəli iş aparılır. Bu barədə MATM-ın Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə AZƏRTAC-a müsahibəsində ətraflı məlumat verib: “Muzeyin arxeoloji kolleksiyasına 50 mindən çox arxeoloji və təsadüfi tapıntı daxildir. Müəssisəyə daxil edilən bütün arxeoloji tapıntılar qeydiyyatdan keçirilərək qablaşdırılır və fondda saxlanılır. 2008-ci ildən bəri fond əşyalarının elektron pasportlaşdırılması həyata keçirilir. Bu günə kimi 12 mindən çox arxeoloji tapıntının elektron pasportu tərtib olunub.

Arxeoloji materialların çox hissəsi əsasən 1920-1980-ci illərdə muzeyin Şəki, Qazax, Qəbələ və Mingəçevir bölgələri, eləcə də Xəzər dənizi hövzəsi üzrə arxeoloji ekspedisiyası tərəfindən aşkar edilib. Muzeydə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun və digər elmi-tədqiqat mərkəzlərinin apardıqları arxeoloji axtarışlar zamanı tapılmış maddi mədəniyyət nümunələri də yer alıb”.

Nasir Quluzadə qeyd edib ki, muzeyin Arxeologiya elmi fond şöbəsi arxeoloji kolleksiyanın nümayişi və təbliğinə xüsusi önəm verir. Müəssisənin ekspozisiyasında 1195 arxeoloji eksponat nümayiş etdirilir. Ekspozisiyada yer alan ən qədim tapıntılar paleontoloji qazıntılar zamanı aşkar olunan fil, vəhşi at, kərgədan sümükləri və ağac qalığıdır. Ümumiyyətlə, ekspozisiyada Quruçay mədəniyyətinə aid ən qədim daş alətlərdən tutmuş neolit-eneolit, tunc, erkən dəmir, antik və orta əsrlər dövrünə aid boyalı qablar, tunc silah, şirli, şirsiz, fayans, zərfayans, seladon və minai tipli qablar, çıraqlar, şirli kaşılar və inşaat keramikası, müxtəlif bəzək əşyaları və s. nəfis və dəyərli nümunələr nümayiş olunur.

Milli Azərbaycan Tarixi Muzeyi qədim dövr maddi mədəniyyət nümunələrinin nümayişini ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da təşkil edir. Belə ki, muzeyin arxeoloji kolleksiyasına aid bəzi nümunələr 2006-2007-ci illərdə Norveçin Stavanger, 2014-2015-ci illərdə isə Çexiyanın Praqa şəhərində keçirilmiş səyyar sərgilərdə nümayiş etdirilib.

Muzeyin qədim maddi mədəni irsin təbliği istiqamətində kolleksiyalara həsr olunmuş müxtəlif nəşrlər buraxılıb. Bu baxımdan “Mingəçevir küp qəbirləri albomu”, “Qədim Azərbaycan bəzəkləri”, “Zoomorf təsvirli şirli qablar”, “Azərbaycanın qədim və orta əsr silahları” adlı kataloq və digər nəşrləri tariximizin öyrənilməsi üçün xüsusilə əhəmiyyətlidir.

Arxeologiya elmi fond şöbəsi Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə təşkil olunan “Ordum varsa, yurdum var” sərgisinə 59 ədəd fond əşyası təqdim edib.

2020-ci ildə muzeyin yaradılmasının 100-cü ildönümü qeyd olunacaq. Yubileyə hazırlıqla bağlı müxtəlif tədbirlər həyata keçirilir. İş planında ekspozisiyanın yenilənməsi və təkmilləşdirilməsi də nəzərdə tutulur. Daş dövrü zalına əlavə olaraq üç vitrin yerləşdiriləcək.

Arxeologiya elmi fond şöbəsi yubileyə hazırlıq çərçivəsində “Milli Azərbaycan Tarixi Muzeyi və arxeoloji irisimiz” adlı kitab nəşr etdirməyi planlaşdırıb. Kitab muzeyin 1920-2015-ci illəri əhatə edən arxeoloji irsimizin öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərə həsr olunacaq.

Muzeyin 100 illiyi ilə əlaqədar, həmçinin “Xəzər Atlantidasının yadigarları” və “Sehrli çıraq” adlı broşürlər buraxılacaq. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan broşürlərdə mətnlərlə yanaşı, fond əşyalarının foto şəkilləri də yer alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.