ELM VƏ TƏHSİL
Muzeydə “Art Show” adlı rəsm sərgisi açılıb
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “ART Show” adlı rəsm sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, sərginin təşkili azyaşlı uşaqların dünyagörüşünün inkişafında, onların istedad və bacarıqlarının aşkara çıxarılmasında xüsusi rol oynayır.
Sonra müvafiq layihə və sərgi barədə məlumat verilib. Bildirilib ki, muzeyin elmi işçisi Ləman Musayevanın rəhbərliyi ilə “İstək” liseyinin rəsm dərnəyində “ART istedad” layihəsi reallaşdırılıb. Layihənin məqsədi dərnək üzvlərinin Azərbaycan tarixinə maraqlarını artırmaq, onlara maddi və mənəvi irsimizin qorunmasının vacibliyini aşılamaq olub.
Layihə çərçivəsində keçirilən tədbirdə “İstək” liseyi şagirdləri tərəfindən hazırlanmış və tariximizin ayrı-ayrı dövrlərinə həsr olunan əl işləri, həmçinin müxtəlif səhnəciklər təqdim edilib, musiqi və rəqslər ifa olunub.
Mövzular üzrə ən yaxşı əl işlərinin müəlliflərinə təşəkkürnamə və muzeyin kataloqları hədiyyə edilib.
Sərgi mayın 15-dək davam edəcək.