ELM VƏ TƏHSİL
Muzeydə Azərbaycanda geniş yayılmış təkəlduz tikmə nümunəsi qorunur
Bakı, 10 may, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Azərbaycanda geniş yayılmış təkəlduz tikmə nümunəsi qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, rəngli ipək saplarla, təkəlduz üsulu ilə hazırlanmış qara rəngli mahud süfrənin mərkəzi hissəsində nəbati naxışlar, medalyon, kənarlarına enli və ensiz haşiyələr işlənib. Həmçinin dörd tərəfi bərabər olan süfrənin kənarlarına saçaq tikilib. Zəngin rəng müxtəlifliyinə malik təkəlduz tikmə adətən mahud və məxmər parçadan hazırlanır. Məişət həyatının ayrılmaz tərkib hissəsi olan bu tikmələr özündə canlı tarixi yaşadır. Bu tikmə sənətinin Azərbaycanda tarixi çox qədimdir. Sasanilər dövründə rast gəlinən bu sənət növü get-gedə təkmilləşib və orta əsrlərdə bir xalq sənəti kimi öz yerini tutub. Əsasən süfrə, pərdə, balış üzlərində tətbiq olunan təkəlduz tikmə ilə qadın geyimləri, mütəkkələr və xalçalara da bəzək vurulurdu.
Sənətşünasların verdiyi məlumata görə XIX əsrdə Azərbaycanda təkəlduz tikmənin mərkəzi Şəki şəhəri hesab olunub. Bu sənət növü ilə təkcə qadınlar deyil, kişilər də məşğul olurdu. Mövsüm Məşədi Əli oğlu, Məşədi Səttar, usta Əliabbas, Rza Tağızadə, Abuzər Lətifov həmin dövrün məşhur təkəlduz ustaları idi.
Azərbaycan təkəlduzu üçün nəbatat aləmindən – qızılgül, zanbaq, bənövşə, müxtəlif bucaqlı yarpaqlar, heyvanat aləmindən isə ceyran, bülbül və qaranquş motivləri səciyyəvidir.