ELM VƏ TƏHSİL
Muzeydə Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş seminar təşkil olunub
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş “Tolerantlıq və İslam həmrəyliyində Azərbaycan nümunəsi” mövzusunda seminar təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin Azərbaycan Dillər Universitetinin (ADU) multikulturalizm elmi-tədqiqat laboratoriyası ilə birgə keçirdiyi tədbirdə ADU-nun tələbələri iştirak ediblər.
Seminarda muzeyin əməkdaşı Əli Fərhadov “Hacı Zeynalabdin Tağıyevin dini maarifçilikdə, tolerantlıqda rolu”, ADU-nun multikulturalizm elmi-tədqiqat laboratoriyasının elmi işçisi Rəşad İlyasov “Tolerantlıq və İslam həmrəyliyi” mövzularında mühazirələr oxuyublar.
Mühazirə və çıxışlarda Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, Azərbaycanın tolerantlıq və İslam həmrəyliyi sahəsində rolu, XX əsrin əvvəllərində Azərbaycanda dini maarifçiliyin yayılmasında məşhur xeyriyyəçi H.Z.Tağıyevin fəaliyyəti barədə ətraflı məlumatlar verilib.