ELM VƏ TƏHSİL


“Naxçıvan bayraqları” kitabının təqdimatı olub

Bakı, 6 noyabr, İbrahim Əsədov, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində bu müəssisənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan bayraqları” (Bakı, 2015-ci il) kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı nəşrin əhəmiyyətindən danışıb, onun tariximiz üçün dəyərli töhfə olduğunu bildirib.

N.Vəlixanlı muzeydə Azərbaycanın dövlətçilik rəmzlərinin tarixinin araşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, “Azərbaycanın dövlətçilik rəmzləri” kitabında, “Azərbaycan bayraqları” kataloqunda muzeydə qorunan, dövlətçilik ənənələrinin qədimiliyini və zənginliyini nümayiş etdirən tarixi materiallar ilk dəfə əksini tapıb.

Kitabın müəllifi P.Gözəlov apardığı tədqiqatlardan, əldə olunan elmi nəticələrdən bəhs edib.

Sonra “Naxçıvan bayraqları” kitabı barədə məlumat verilib. Nəşrdə XVIII–XIX əsrin əvvəllərində mövcud olmuş Naxçıvan xanlığına məxsus, yeni aşkara çıxarılmış dövlət və döyüş bayraqları haqqında məlumat verilir. Müəllifin Rusiya Federasiyasının müxtəlif muzeylərində apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilmiş bayraqlar Azərbaycan dövlətçilik tarixini yeni faktlarla zənginləşdirib. Kitabda Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında aşkarlanmış bayraqların tarixindən söz açılır, ilk dəfə onların təsvirləri, fotoları verilir.

Nəşrdə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyində dövlətçilik rəmzlərinin araşdırılması tarixi, muzeyin kolleksiyasında yer alan 12 xanlıq bayrağı, eləcə də Naxçıvanda formalaşdırılmış və Rusiya imperiyasının ordusunun tərkibində olmuş hərbi hissələrin döyüş bayraqlarının təsviri verilir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın dövlətçilik tarixinin, o cümlədən dövlətçilik rəmzlərinin tarixinin araşdırılmasının əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan Naxçıvan xanlığının dövlətçilik rəmzlərinin öyrənilməsi və təbliği istiqamətində son illər çox önəmli tədbirlər reallaşdırılıb.

Akademik İ.Həbibbəyli “Naxçıvan bayraqları” kitabının bayraqların təbliğində mühüm rol oynayacağına əminliyini bildirib.

Digər çıxış edənlər də kitab barədə fikirlərini bölüşüb, nəşri yüksək dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.