ELM VƏ TƏHSİL
Muzeydə “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisinin hazırlıq işləri tamamlanmaq üzrədir
Bakı, 7 iyun, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi təşkil olunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərginin məqsədi dahi Nizami Gəncəvi və onun yaşadığı dövlətin həyatını tarixi eksponatlar vasitəsilə nümayiş etdirməkdir. Sərginin kuratoru Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov bildirib ki, ümumilikdə sərgidə nümayiş olunmaq üçün 250 eksponat seçilib.
Sərgidə muzeyin Arxeologiya, Etnoqrafiya, Köməkçi tarixi fənn materiallarından, Numizmatika, Xüsusi, Silahlar və bayraqlar fondlarında və Kitabxanada qorunan tarixi eksponatlardan istifadə edilib.
Eksponatlar XII–XIII əsrin əvvəllərinə aid olub Azərbaycanın əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərində aşkar edilib. Bəzi eksponatlar ziyarətçilərə ilk dəfə təqdim olunacaq. Bu baxımdan Mirzə Məhəmməd Axundovun 1909-cu ildə Gəncədə nəşr olunmuş “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bu il, həmçinin Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynamış Atabəylər dövlətinin yaranmasının 885 yaşı tamam olur.