ELM VƏ TƏHSİL
Muzeydə XVI-XVII əsrlərə aid müdafiə geyimi - qolçaq qorunur
Bakı, 12 may, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Silahlar və Bayraqlar fondunda XVI-XVII əsrlərə aid müdafiə geyimi - qolçaq qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sağ qola geyinilən qolçaq lövhəsi qalınlığına görə döyüş üçün xarakterikdir. Materialı dəmirdir, kənar haşiyələri zanbaq ləçəkləri ilə bəzədilib, üzərində ərəb yazıları və üç dairəvi medalyon var. Birinci medalyonun içərisində nizə ilə vuruşan iki döyüşçü, ikinci medalyonda bardaş qurmuş şahzadə təsviri, üçüncü medalyonda isə üzü ağaca tərəf dayanmış kişi təsviri həkk olunub. İki medalyonun kənarlarında cızma üsulu ilə üz-üzə dayanan, qızılla işlənmiş quş fiqurları qravürlənib. Biləyin alt tərəfini tutmaq üçün iki dəmir lövhə torlar vasitəsilə qolçağa birləşdirilib. Lövhələrin üzəri iki cərgə zanbaq güllərinin təsvirləri ilə bəzədilib. Orta əsrlər müdafiə silahları qrupuna aid olan qolçaq və ya bazubəndlər bilək, qolbaq və dirsəklik hissələrindən ibarət olur.
Azərbaycan ərazisində qolçaqların istifadəsi XVIII əsrin sonu - XIX əsrin əvvəllərində azalmış, yerli ustalar tərəfindən dekorativ məqsədlər üçün düzəldilib.
Muzeyin müxtəlif dövrlərə aid ekspozisiyasında təqdim olunan bu növ materiallar ulularımızın hərb tarixinin şücaət dolu səhifələrinin gənc nəslə çatdırılmasında, onların milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm vasitə rolunu oynayır.