ELM VƏ TƏHSİL
Muzeydə məşğələ: Hacı Zeynalabdin Tağıyevin tolerantlığın inkişafında rolu
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Hacı Zeynalabdin Tağıyev” klubunun növbəti məşğələsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, klub üzvlərinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə bu müəssisənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Hacı Zeynalabdin Tağıyevin tolerantlığın inkişafında rolu” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirəçi məşhur xeyriyyəçi H.Z.Tağıyevin Azərbaycanda milli, dini maarifçiliyin, qadın təhsilinin inkişafına, tolerantlığa verdiyi töhfələrdən bəhs edib. Eyni zamanda, mesenatın fəaliyyəti haqqında fotoslayd təqdim olunub.
Sonra tədbir iştirakçıları H.Z.Tağıyevin xatirə muzeyini ziyarət ediblər.