ELM VƏ TƏHSİL
Muzeyin arxeologiya kolleksiyası əsasında magistr dissertasiyası hazırlanır
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondunda qorunan Şirvan bölgəsinin kolleksiya nümunələri tədqiqata cəlb edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Şirvan bölgəsinin antik dövr bədii metalişləmə sənəti” mövzusu üzrə tədqiqat işi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun rəhbərliyi altında həmin şöbənin böyük laborantı, magistrant Nərmin Məmmədli tərəfindən aparılır. Bu mövzuya uyğun olaraq Nərgizava və Mollaisaqlı abidələrindən tapılmış bədii metal nümunələri tədqiqat obyekti seçilib. Tədqiqat obyekti seçilmiş tapıntılarla bağlı zəruri qeydlər götürülərək, məlumat bazasına daxil edilib.
Araşdırmaların aparılmasına muzeyin arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə və arxeologiya fondunun müdiri Aida İsmayılova lazımi kömək göstərirlər.