ELM VƏ TƏHSİL


Muzeyin yubiley nəşrlərinin təqdimat mərasimi olub

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci ildə nəşr olunmuş kitablarının təqdimat mərasimi keçirilib. Tarix Muzeyi eksponatların toplanması, təbliği, elmi-tədqiqat işləri ilə yanaşı, elmi-kütləvi nəşrlərə də üstünlük verir. Bu istiqamətdə 2020-ci ildə muzeyin 100 illiyi münasibətilə yubiley nəşrləri işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı tədbirin elmi əhəmiyyətini vurğulayıb, rəhbərlik etdiyi qurumun mədəniyyət ocağı olması ilə bərabər, elmi təşkilat kimi də fəaliyyətindən, burada aparılan tədqiqat işlərindən söhbət açıb. Qeyd olunub ki, muzeydə saxlanılan tarixi eksponatları öyrənmək, onları təqdim, təbliğ və nəşr etdirmək bu qurumun əsas fəaliyyət istiqamətlərindəndir. N.Vəlixanlı bu il artıq 16 kitabın nəşr olunduğunu diqqətə çatdırıb.

Sonra akademik İsa Həbibbəyli Azərbaycan tarixinin, elminin inkişafında Milli Azərbaycan Tarixi Muzeyinin xidmətlərini xüsusi qeyd edərək yeni nəşrlərin əhəmiyyətindən danışıb. Muzeydə qorunub saxlanılan materialların cəmiyyətə təqdim olunmasını yüksək dəyərləndirən akademik İ.Həbibbəyli yeni nəşrlərin AMEA-nın əməkdaşları və müxtəlif elmi müəssisələri üçün hər zaman dəyərli mənbə olacağını bildirib. Vurğulayıb ki, bu elmi nəşrlərin tədqiqatçılara, ictimaiyyətə təqdim olunması mədəniyyətimizin və tariximizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Daha sonra akademik Şahin Mustafayev, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov, Akif Quliyev, Tarix Dostiyev, sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva çıxış edərək təqdimatı keçirilən nəşrlər barədə təəssüratlarını, rəylərini bildiriblər. Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində, təbliğində və ictimaiyyətə çatdırılmasında muzeyin rolunun xüsusi olduğunu qeyd ediblər.

Xatırladaq ki, Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika elmi-fond şöbələrinin, Sənədli mənbələr, Silahlar və bayraqlar, Köməkçi tarixi fənn materialları, Xüsusi, Hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında hazırlanmış “Azərbaycan tarixi 100 eksponatda”, “Hacı Zeynalabdin Tağıyev sarayı” kitab-albomları, həmçinin “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində”, “Sehrli çıraq”, “Xəzər Atlantidası yadigarları”, “Azərbaycan möhürlərin tarixindən”, “Üçtəpə kurqanındakı alban döyüşçüsü”, “Azərbaycan şəhərlərinin açarları”, “Gözəllik ondur”, “Azərbaycan milli kişi geyimləri”, “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə”, “Əlifba” kitabları çapdan çıxıb.

Qeyd edək ki, bu yeni nəşrlər Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunub. Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrlər tariximizin ayrı-ayrı səhifələrinin tədqiqi ilə yanaşı, muzey kolleksiyasının populyarlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Sonda tədbir iştirakçıları muzeyin nəşrlərindən ibarət sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.