MƏDƏNİYYƏT


Muzeylər hamı üçün...

Bakı, 3 dekabr, AZƏRTAC

Fiziki məhdudiyyətli insanların cəmiyyətə sürətlə inteqrasiya etməsi, mədəni mühitin bir hissəsi olması müasir dövrün əsas hədəflərindəndir. Bu gün dünya muzeylərinin mühüm sosial vəzifələri sırasında bütün ziyarətçilər kimi onlar üçün də bərabər imkanların yaradılması dayanır.

Müasir dünyada muzeylərin missiyası yalnız xalqa məxsus olan maddi-mənəvi sərvətləri gələcəyə daşımaq yox, həm də müxtəlif auditoriyalara ünvanlanmış proqramlarla onu cəlbedici etmək, fəal mədəni mərkəz halına gətirmək, maarifçi rol oynamaqdır. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycan Milli Xalça Muzeyi cəmiyyətin mədəni həyatında muzeylərin çoxfunksiyalı rola malik olması ideyasını öz fəaliyyətində əsas götürməkdədir.

Bu fikirlər Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimlinin 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə hazırladığı “Muzeylər hamı üçün...” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

İnklüziya fiziki məhdudiyyətli insanların tamhüquqlu olaraq sosial və mədəni həyata daxil edilməsidir. Azərbaycan Milli Xalça Muzeyi “sərhədsiz muzey”, “hər kəs üçün muzey” kimi prinsiplərlə cəmiyyətimizin hər bir fərdinin mədəni həyatın ayrılmaz hissəsi olması ideyasına əsaslanır və bu istiqamətdə ardıcıl layihə və tədbirlər həyata keçirir. Son iki ildə fiziki cəhətdən məhdudiyyətli insanların muzeyə cəlb olunması və onların zəngin mədəniyyətimizlə “ünsiyyətinin” gerçəkləşməsi üçün mühüm işlər görülmüş və Azərbaycan Milli Xalça Muzeyi “inklüziv muzey” layihəsini ölkəmizdə həyata keçirən ilk mədəni müəssisə olmuşdur.

Muzeydə görmə məhdudiyyətli insanlar üçün Azərbaycan xalçalarının kiçik replikaları yaradılmış, həmçinin ekspozisiyadakı bütün mətnlər Brayl əlifbası ilə təqdim edilmişdir. Onlar bu nümunələrə toxunmaqla, yəni taktil üsulla xalçalarımızı duya, ornamentləri hiss edə bilirlər. Muzeyin Ənənəvi texnologiya şöbəsi bu istiqamətdə peşəkar şəkildə fəaliyyət göstərməklə daim yeni xalça replikaları yaratmaqdadır.

Görmə məhdudiyyəti olan tamaşaçıların taleyi daha fərqlidir, çünki onlar bu sənət gözəlliyini seyr etməkdən məhrumdurlar. Cəmiyyətin hər bir üzvü kimi onların da ecazkar xalçalarımızdan zövq almaları üçün Azərbaycan Milli Xalça Muzeyi bu istəyi yerinə yetirdi. Onu da deyək ki, bütün kateqoriyadan olan ziyarətçilər xovsuz və xovlu xalça texnikalarının sintezi ilə işlənən kiçik replikalara əl vura bilir, onların fərqini hiss edir, xalçalarımızın isti enerjisi ilə təmasda olur, tarixə və ənənəyə toxunurlar. Burada artıq “muzey eksponatına əl vurmaq olmaz!” qadağası da yoxdur.

Qeyd edək ki, muzeydə eşitmə qabiliyyəti zəif olan ziyarətçilər üçün surdo-tərcümə ilə virtual ekspozisiya da, təqdim olunur.

“İnklüziv muzey” istiqaməti üzrə həyata keçirilən tədbirlər çərçivəsində 2019-cu il fevralında “Tarixə və ənənəyə toxunuş” adlı Azərbaycan-Türkiyə birgə sərgi layihəsi baş tutmuş və burada ekspozisiyanın əsas hissəsini Türkiyənin GEA Arama Qurtarma Ekoloji və İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil etmişdir. Dünya muzeylərinin məşhur eksponatlarının surətlərinin - gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstlərinin, AMXM-in Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırlanan xalça nümunələrinin nümayiş olunduğu sərgidə görmə qabiliyyəti məhdud olan insanlar taktil üsulla onları duya bildilər. Həmin ilin mayında muzeydə baş tutan “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə çərçivəsində isə fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət sərgi açılmışdır. Həmçinin 2019-cu ilin noyabr ayında Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə “Sərhədsiz muzey” adlı geniş tədbirdə Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılışı olmuşdur. 2020-ci ildə Gənclər Günü münasibətilə muzeydə daun sindromlu şəxslər üçün müxtəlif tədbirlər və ustad dərsləri təşkil edilmişdir.

Rusiya Dövlət Ermitajında baş tutan və hələ davam etməkdə olan “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi bu istiqamətdə aparılan işlərin davamında gerçəkləşən çox mühüm layihələrdəndir.

Azərbaycan Milli Xalça Muzeyi ilə Dövlət Ermitajının ortaq inklüziv layihəsi olan sərgidə görmə qabiliyyəti zəif olan və tamamilə görmədən məhrum insanlar üçün dünyanın ilk xalça örnəyi sayılan və hazırda Ermitajda nümayiş olunan Pazırık xalçasından seçilmiş fraqmentlər taktil üsulla nümayiş olunur. Sərginin açılış mərasimində çıxış edən Dövlət Ermitajının direktoru Mixail Piotrovski söylədi ki: “Görmə məhdudiyyətli insanlara minnətdar olmalıyıq ki, onların sayəsində muzey əşyalarına hər kəsin toxunması mümkün olacaq. Xalçada taktilliyin yaradılması yeni bir işdir və bunu Azərbaycan Milli Xalça Muzeyi həyata keçirmişdir”.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova isə öz çıxışında sərginin vacib əhəmiyyətini vurğulamaqla AMXM-in “sərhədsiz muzey” layihəsinin ölkəmizdə inklüzivliklə bağlı inkişafın flaqmanına çevrildiyini qeyd etdi.

Muzeyin iştirakı ilə gerçəkləşən növbəti layihə 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlıdır. Bu münasibətlə Azərbaycan Milli Xalça Muzeyində təşkil olunan “Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə məqsədli sərgi-satış yarmarkasının məqsədi fiziki məhdudiyyətli rəssamları, istedadlı insanları cəmiyyətdə tanıtmaq və onlara maddi dəstək olmaqdır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi, Azərbaycan Milli Xalça Muzeyi, “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyi və Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə görmə, eşitmə və hərəkət imkanları məhdud yaradıcı insanlar tərəfindən yaradılmış rəsm əsərləri, xalça və digər dekorativ-tətbiqi sənət nümunələrini, eləcə də Dövlət Ermitajının Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə etdiyi Pazırıq kurqanından tapılmış qədim keçə fraqmentinin taktil nümunəsini görmək mümkündür.

Surdo tərcümənin müşayiəti ilə muzeyin Uşaq şöbəsi qədim folklor ənənələrindən qaynaqlanan kilimarası tamaşasında balacaların sevimli “Cırtdanın sərgüzəştləri” nağılını təqdim edir. Onlar üçün müxtəlif mövzularda ustad dərslərinin keçirilməsi də nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.