MƏDƏNİYYƏT
“Muzeylər: müasir tendensiyalar” adlı konfransda bir sıra məruzələr dinlənilib
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylər: müasir tendensiyalar” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi ilə imzalanmış əməkdaşlıq memorandumuna əsasən təşkil edilən konfrans 18 may – Beynəlxalq Muzeylər gününə həsr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini qeyd ediblər və konfransın işinə uğurlar arzulayıblar.
Tədbirdə “Muzey və bədii təhsil”, “Mədəni irsin muzeydə interpretasiyasına kulturoloji yanaşma”, “Muzey işinin təşkilində muzey menecmentinin tətbiqi”, “Milli Azərbaycan Tarixi Muzeyində islam mədəniyyətinin təbliğinə dair: Corci Zeydan nümunəsi”, “İşğal altında qalmış mədəni irsimiz” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans çərçivəsində qabaqcıl muzey işçilərinə Metodiki Mərkəzin fəxri diplom və sertifikatları təqdim edilib.