REGİONLAR


Muzeylər təkcə tarixin qorunduğu məkan deyil, bu tarixi təbliğ edən mədəniyyət mərkəzidir

Astara, 16 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 16-da Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Astara rayonu üzrə abidə mühafizəçilərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov çıxış edib. Bildirib ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may - Beynəlxalq Muzeylər Günü bütün dünyada hər il geniş qeyd olunur.

Bildirilib ki, bu əlamətdar gün münasibətilə ölkəmizdə də silsilə tədbirlər keçirilir. Mədəniyyət Nazirliyinin tapşırığına əsasən, Beynəlxalq Muzeylər Günü münasibətilə hər il 18 may tarixində nazirliyin strukturunda olan muzeylərdə və qoruqlarda “Açıq qapı günü” keçirilir.

Əlamətdar gün münasibətilə muzey işçilərini təbrik edən Ş.Bayramov çıxışında muzeylərin əhəmiyyəti, ölkəmizdə yaradılmış unikal, o cümlədən əsrlikdə qalan muzeylər barədə məlumat verib.

Tədbirdə Astara Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılovanın “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” mövzusunda məruzəsi dinlənilib.

Diqqətə çatdırılıb ki, muzeylər təkcə tarixin qorunduğu məkan kimi deyil, eyni zamanda onu təbliğ edən bir mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

Tarix və mədəniyyət abidələrinin mühafizəçisi Nadirə Dadaşova, muzeyin baş fond mühafizi Şahin Əliyev çıxışlarında düşmən işğalı altında qalan muzeylərdən, muzey əşyalarının hər birinin tarixin müəyyən dövrlərini özündə əks etdirməsi və onların qorunması işinin çətin olduğu qədər də şərəfli olduğunu bildiriblər.

Abidə mühafizəçisi, şair İlham Haqverdiyev Astara Tarix-Diyarşünaslıq Muzeyinə həsr etdiyi şeiri söyləyib.

Tədbir iştirakçıları UNESCO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi ilə təşkil edilmiş sərgi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.