MƏDƏNİYYƏT


“Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama start verilib

Bakı, 18 may, AZƏRTAC

“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama start verilib. Proqram Təhsil, Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq proqramın məqsədi məktəbliləri Nizami irsi ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

“Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqramın açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədr müavini Rəfi Qurbanov, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova çıxış ediblər.

Mayın 18-də beynəlxalq proqram çərçivəsində Gəncə şəhərində Nizami Gəncəvi adına muzeydən gənc bələdçi Xədicə Qasımova tərəfindən virtual ekskursiya təqdim edilib.

Proqram çərçivəsində mayın 18-dən başlayaraq 26-dək hər gün Mədəniyyət Nazirliyinin tabeliyindəki Gəncə şəhər Nizami Gəncəvi adına muzeyə, Azərbaycan Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə, AMEA-nın tabeliyində olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyati Muzeyinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna, xarici ölkələrin muzeylərindən isə ABŞ konqres kitabxanasına və Moskva Şərq Dövlət Muzeyinə virtual ekskursiyalar təşkil ediləcək.

“Muzey həftəsi” COVID-19 pandemiyası ilə əlaqədar olaraq “Zoom” platforması üzərindən onlayn həyata keçiriləcək.

Layihə çərçivəsində RUGİM-in ən fəal dərnək üzvü olan məktəblilər muzeylərdə Nizami irsinə aid olan eksponatlar haqqında topladıqları məlumatları onlayn bağlantı zamanı virtual ekskursiya kimi nümayiş etdirəcəklər.

Qeyd edək ki, 18 may dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən "Məktəblilər üçün muzey həftəsi" layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il mayın 18-dən 26-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə "Muzey həftəsi" keçirilir. Beş il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib, onlayn platformada keçirilən proqramı 8000-ə yaxın məktəbli izləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.