MƏDƏNİYYƏT
Muzeylərimiz xəzinədir
Bakı, 18 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əzim Əzimzadənin ev-muzeyinin və M.S.Ordubadinin xatirə muzeyinin birgə təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunan "Muzeylərimiz xəzinədir" adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Əzim Əzimzadənin ev-muzeyinin direktoru İradə Əzimzadə qonaqları salamlayaraq hər kəsi Muzeylər Günü münasibətilə səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, muzeylər təhsilin, mədəniyyətin mənbəyidir, cəmiyyətin inkişafında əsas rol oynayır, mədəni irsin qorunduğu məkan kimi muzeylərin əhəmiyyəti böyükdür.
Baş İdarənin rəisi İbrahim Əliyev çıxışında muzey fəaliyyətində tərbiyəedici, təhsilləndirici, inkişafetdirici və formalaşdırıcı imkanların mövcudluğunu vurğulayıb. Bildirib ki, keçmişimizi və bu günümüzü özündə əks etdirən muzeylər gələcək nəslin tərbiyəsində böyük əhəmiyyət daşıyan mədəniyyət ocaqlarıdır.
Daha sonra Xalq rəssamı Arif Hüseynov və sənətşünas alim Ziyadxan Həsənov çıxış ediblər. Onlar Azərbaycanda muzey işinin inkişaf yolundan və Əzim Əzimzadənin yaradıcılığından bəhs ediblər.
Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş olunub.