SİYASƏT


NƏNSİ MAKELDAUNİ: “ABŞ AZƏRBAYCANI ÖZÜNÜN STRATEJİ TƏRƏFDAŞI KİMİ QİYMƏTLƏNDİRİR VƏ BU ÖLKƏDƏ SEÇKİLƏRİN DEMOKRATİK KEÇİRİLƏCƏYİNƏ ƏMİNDİR”

“ABŞ Azərbaycanı özünün strateji tərəfdaşı kimi qiymətləndirir. Mən inanıram ki, Azərbaycanda seçkilər demokratik keçiriləcək və bunun üçün Birləşmiş Ştatlar hər cür yardım göstərməyə hazırdır”. Bu sözləri ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Nənsi MakEldauni Birləşmiş Ştatların Bakıdakı səfirliyində keçirdiyi mətbuat konfransında AZƏRTAC-ın müxbirinin suallarına cavab verərkən söyləmişdir. Onun sözlərinə görə, bu gün iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, energetika və hərbi sahələrdə əməkdaşlığı strateji tərəfdaşlıq adlandırmaq olar. Xanım MakEldauni Azərbaycan hökuməti ilə BMT, ATƏT, NATO çərçivəsində və ümumiyyətlə, terrorizmə qarşı mübarizə sahəsində aparılan məsləhətləşmələri yüksək qiymətləndirərək dedi ki, Birləşmiş Ştatlar Azərbaycanın NATO-ya daha geniş inteqrasiya olunmasına çalışır.

Energetika və iqtisadiyyat sahəsində əməkdaşlığa gəldikdə, Nənsi MakEldauni “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi üzrə işbirliyini bu əməkdaşlığın uğurlu nəticələri kimi dəyərləndirdi.

Diplomat digər sahələrdə çoxsaylı proqramların həyata keçirildiyini, yüzlərlə azərbaycanlının bu proqramlar çərçivəsində Birləşmiş Ştatlara göndərildiyini qeyd etdi. O, bildirdi ki, yaxın gələcəkdə ABŞ Azərbaycanda “Sülh korpusu” adlanan proqramın həyata keçirilməsini nəzərdə tutur ki, bu proqram çərçivəsində yüzlərlə amerikalı könüllü ölkəmizə gələcək və müxtəlif sahələrdə çalışacaqdır.

Azərbaycanda demokratiyanın inkişafı sahəsində YAP və digər siyasi partiyalarla əməkdaşlıq etdiklərini bildirən xanım MakEldauni demokratiyanın prinsipial elementi kimi seçkilərin böyük əhəmiyyətini vurğuladı. O, Dövlət Departamentinin mətbuat katibi Riçard Bauçerin iyulun 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanatının mətbuatda müxtəlif cür şərh edilməsinə münasibət bildirərək söylədi ki, bu bəyanatda ABŞ rəsmisi yalnız Birləşmiş Ştatların seçkilərin demokratik və şəffaf keçirilməsində maraqlı olduğunu və bunun Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

AZƏRTAC-ın müxbirinin seçkilərlə bağlı sualına cavabında xanım MakEldauni dedi ki, qəbul olunmuş Seçki Məcəlləsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, AŞ-nin Venesiya Komissiyası və İFES tərəfindən beynəlxalq standartlara cavab verən sənəd kimi qiymətləndirilmişdir və ABŞ onu irəliyə doğru atılmış bir addım kimi dəyərləndirir. İndi əsas vəzifə bu sənədin müddəalarının icra edilməsidir.

Jurnalistlərin iki müxalifət liderinin cangüdənlərinin saxlanılması ilə bağlı sualına cavab verərkən xanım MakEldauni bildirdi ki, bu barədə onda kifayət qədər məlumat olmasa da “dünyanın hər hansı ölkəsində, o cümlədən ABŞ-da qanunu pozan şəxslərə qarşı tədbir görülür və qanun qarşısında hamı bərabər olmalıdır”.

Sonda xanım MakEldauni bir daha qarşıdakı prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün ABŞ-ın öz köməyini əsirgəməyəcəyini vurğuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.