NAPOLEON İNSAN HÜQUQLARINI POZMAQDA TƏQSİRLƏNDİRİLİR
AzerTAg.az
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərdə deyilir ki, Venesiya prokuroru imperator Napoleon Bonapartı insan hüquqlarını pozmaqda təqsirli hesab etmişdir. İtaliyanın bu şəhərinin bir qrup sakininin iddiası üzrə dinləmələr başa çatmışdır.
1797-ci ilin mayında Napoleon Venesiyaya yüzlərlə top tuşlayaraq, şəhərin təhvil verilməsini və Venesiya Respublikasının ləğv olunmasını tələb etmişdi. Uzun sürən məsləhət-məşvərətdən sonra şəhər Şurası müqavimət göstərməməyi və min ildən artıq mövcud olmuş respublikanın buraxılmasını qərara almışdı. Bundan sonra şəhərə girən fransızlar onu talamış, saysız-hesabsız sənət əsərlərini yığışdırıb aparmışdılar.
İndi, o hadisələrdən 200 ildən artıq vaxt keçdikdən sonra Venesiya prokuroru Napoleonu insan hüquqlarının pozulmasında və şəhərin qarət olunmasında təqsirkar hesab etmişdir. Ancaq, bunun Fransa və Venesiya üçün nə kimi hüquqi nəticələri olacağı hələlik məlum deyildir.
Xəbərin mətnində orfoqrafik səhv var