İQTİSADİYYAT
NƏQLİYYATÇILARIMIZ BEYNƏLXALQ TƏDBİRLƏRDƏN QAYITMIŞLAR
Azərbaycan Nəqliyyat Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin və Dövlət Dəmir Yolu İdarəsi xarici əlaqələr xidmətinin əməkdaşları Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq tədbirlərdə iştirak etmişlər. Nəqliyyatçılarımız UNECE/UNESCAP-ın (BMT-nin İqtisadi komissiyası/Asiya və Sakit okean ölkələri iqtisadi və sosial komissiyası) “Regionlararası yerüstü və dəniz nəqliyyatı əlaqələrinin inkişafı sahəsində imkanların yaradılması” layihəsi çərçivəsində Avrasiya Nəqliyyat Əlaqələrinin İnkişafı üzrə Ekspert Qrupunun I iclasında və SPECA-nın (BMT-nin Mərkəzi Asiya iqtisadiyyatı üçün xüsusi proqramı) Nəqliyyat və Sərhəd Keçidləri Qaydalarının Asanlaşdırılması üzrə İşçi Qrupunun Almatıda keçirilən IX sessiyasında iştirak etmişlər.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmyerlilərimiz hər iki tədbirdə ölkəmizin tranzit imkanları və pespublikamızın sərhəd keçid məntəqələrində keçid qaydalarının yüngülləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, dövlətimizin nəqliyyatı inkişaf etdirmək üçün gördüyü işlərdən danışmışlar.
SPECA-nın Nəqliyyat və Sərhəd Keçidləri Qaydalarının Asanlaşdırılması üzrə İşçi Qrupunun Almatıda keçirilən IX sessiyasında qərara alınmışdır ki, bu ilin oktyabr ayında qurumun növbəti iclasında beynəlxalq avtomobil daşınmalarında tənzimlənmə haqqında memorandum imzalanmasına hazırlıq işləri görülsün.