CƏMİYYƏT
NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2002-ci ilin səkkiz ayı ərzində respublikanın ərazisində narkotiklərlə bağlı 1615 cinayət faktı qeydə alınmışdır.
Həmin müddətdə ayrı-ayrı şəxslərdən 54 kiloqram 851,6 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 1 kiloqram 660 qram heroin, 5 kiıoqram 457 qram tiryək, 3 kiloqram 923 qram həşiş, 30 kiloqram 293 qram marixuana, 13 kiloqram 518,6 qram sirkə anhidridi götürülmüşdür.
Göründüyü kimi, hüquq mühafizə orqanları yenə də əsas diqqəti narkotik vasitələrin qanunsuz dövriyyəsi, daxilolma mənbələri və kanallarının aşkar edilməsinə yönəltmişlər və bu da öz müsbət nəticələrini verir.
Təhlil dövründə bu növ cinayət törətdiklərinə görə 23 nəfər xarici vətəndaş yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 4 kiloqramadək müxtəlif narkotik vasitələr götürülmüşdür. Yaxalanmış əcnəbilərin 12-si İran, 5-i Rusiya, 4-ü Gürcüstan, 1-i Ukrayna və 1 nəfəri Əlcəzair vətəndaşıdır.
İlin əvvəlindən bəri 269 hektar sahədə qanunsuz becərilmiş və yabanı halda bitmiş 232 ton 843 kiloqram narkotik xassəli bitki aşkar olunaraq məhv edilmişdir. Respublika ərazisində keçirilən “Xaşxaş – 2002” kompleks əməliyyat-axtarış tədbirləri və profilaktik tədbirlər davam edir.