MƏDƏNİYYƏT
“NATƏVAN” OPERASINA İCTİMAİ BAXIŞ OLMUŞDUR
Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvanın anadan olmasının 170 illiyinə həsr edilmiş operada “Xan qızı”nın həyat və yaradıcılığı, onun poeziya ustadı, dövlət xadimi, ana kimi dolğun obrazı öz əksini tapmışdır. Əsər Natəvanın bu gün də bizimlə olması, Qarabağdan nigarançılıq çəkməsi və operanın sonunda “Şuşanı xilas edin!” sözləri ilə xalqa müraciət etməsi ideyası üzərində qurulmuşdur.
Üç pərdə, dörd şəkil, proloq və epiloqdan ibarət olan operanın quruluşçu rejissoru Azərbaycan və Özbəkistan respublikalarının xalq artisti, Özbəkistan dövlət mükafatı laureatı Firudin Səfərov, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Rafiz İsmayılov, baletmeysteri xalq artisti, dövlət mükafatı laureatı Tamella Şirəliyeva, musiqi rəhbəri və dirijoru Yalçın Adıgözəlovdur.
Əsərin librettosunu Nazim İbrahimov, şerləri Rüzgar Əfəndiyeva yazmışlar. Eyni zamanda, librettoda Natəvanın, Qasım bəy Zakirin və “Məclisi-Üns” ədəbi məclisi üzvlərinin şerlərindən də istifadə olunmuşdur.
Tamaşada Natəvan rolunda xalq artisti, dövlət mükafatı laureatı professor Xuraman Qasımova çıxış etmişdir. Digər rollarda isə əməkdar artistlər Həsən Enami (Xasay bəy Usmiyev), Şahlar Quliyev (Qasım bəy Zakir), Elxan Əhədzadə (Aleksandr Düma), Mənsum İbrahimov (Xanəndə), Nəzakət Teymurova (Xanəndə qız) və başqaları oynamışlar.
İctimai baxışda opera solistlərinin ifaçılığı və oyunu yüksək qiymətləndirilmiş və tamaşa kütləvi nümayiş üçün qəbul olunmuşdur.
İlk tamaşa dekabrın 7-də göstəriləcəkdir.