NATO AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA SƏY GÖSTƏRİR
AzerTAg.az
İyulun 23-də Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyası baş katibinin müavini Andrea Çellino ilə görüşmüşdür.
Qonağı səmimi salamlayan Ziyafət Əsgərov demişdir ki, Azərbaycan NATO və onun qurumları ilə əlaqələrin inkişafında maraqlıdır. NATO Parlament Assambleyasının Rouz–Rould seminarının bu ilin noyabrında Bakıda keçirilməsi barədə razılığa gəlinməsi əməkdaşlığımızın inkişafını sübut edir. Azərbaycan NATO kimi bir quruma xüsusi diqqət yetirir və əlaqələrin inkişafına səy göstərir.
Andrea Çellino demişdir ki, təmsil etdiyi qurum Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. Ölkəmizə səfərindən məqsəd əlaqələrin inkişaf perspektivləri, eləcə də Bakıda keçiriləcək seminara hazırlıq işləri ilə tanış olmaqdır. O demişdir ki, artıq bəzi məsələlərlə tanış olmuş və hazırlıq işlərinin gedişindən razıdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var