SİYASƏT
NATO Parlament Assambleyasının 99-cu Rouz-Rout seminarı keçiriləcək
Bakı, 10 aprel, AZƏRTAC
Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 99-cu Rouz-Rout seminarında, həmçinin Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun birgə tədbirlərində iştirak etmək üçün aprelin 11-dən 14-dək Türkiyənin Antalya şəhərində səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək seminarda İsrail-Fələstin münaqişəsi ilə bağlı məsələ gündəmdə olacaq, Suriyadakı vəziyyətə və İraqda təhlükəsizliyin durumuna nəzər salınacaq.
Sessiyalarda “NATO-nun tərəfdaşlıq alətləri – yeni tərəfdaşlar və təcrübə mübadiləsi”, “Mərkəzi Asiya – tərəflər və çağırışlar”, “Miqrasiya: Humanitar və təhlükəsizlik çağırışları arasında” mövzularında məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. 99-cu Rouz-Rout seminarında “Liviya və Sahel regionu”, “Körfəzdə dəyişmə və davamlılıq”, “Rusiya və Çin Yaxın Şərqdə”, “Amerika Birləşmiş Ştatları, Avropa və İran” məsələləri də müzakirə obyekti olacaq.
Milli Məclisin deputatı müzakirə olunan məsələlərə Azərbaycanın maraqları baxımından mövqe bildirəcək.