DÜNYA


NATO-nun Baş katibi Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

İstanbul, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Baş katib İstanbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Dolmabağça Sarayında baş tutan görüş mətbuata qapalı olub.

Görüşdən sonra Yens Stoltenberq ilə Mövlud Çavuşoğlunun birgə mətbuat konfransı keçirilib.

M.Çavuşoğlu Y.Stoltenberqə “Sülh çeşməsi” hərəkatı barədə geniş məlumat verdiyini bildirib. Nazir Türkiyənin bu günədək terror təşkilatları ilə mübarizə apardığını və bu mübarizənin davam etdiriləcəyini qeyd edib. O, hərəkatın NATO-nun cənub-şərq sərhədlərində, Türkiyənin milli sərhədlərindən kənarda yaranan terror təhlükəsinə son qoymaq məqsədi daşıdığını və bu baxımdan çox vacib addım olduğunu bildirib. Qeyd edilib ki, təhlükəsizliyin bölünməzliyi çərçivəsində müttəfiqlərimizin bizimlə həmrəylik nümayiş etdirməsini gözləmək ən təbii və qanuni haqqımızdır. Nazir hədəfin terrorçular olduğunu bir daha vurğulayıb.

Y.Stoltenberq, öz növbəsində, NATO müttəfiqlərinin Türkiyəni dəstəklədiklərini bildirib. Qeyd edilib ki, Türkiyə hamımız üçün vacib bir mübarizənin ön cəbhəsində yer alır və İŞİD-ə qarşı aparılan mübarizə də bunun ən böyük sübutudur.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı "Sülh çeşməsi" antiterror əməliyyatı NATO-Türkiyə münasibətlərində ən aktual mövzuya çevrilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.