SİYASƏT


NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “NATO Günləri” çərçivəsində ölkəmizdə səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin çoxşaxəli olduğunu və bu tərəfdaşlığın daim inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib. O, NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avratlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini diqqətə çatdırıb.

Kontr-admiral Bülent Turan da Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb. O, həmçinin “NATO Günləri”nin ölkəmizdə yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib. Həmçinin əməkdaşlığın inkişaf perspektivləri və NATO-nun İraqda həyata keçirdiyi missiyaya ölkəmizin mümkün töhfəsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.