DÜNYA
NATO ölkələri Şimali Makedoniya Respublikasının Alyansa daxil olması barədə protokolu imzalayıb
Bakı, 6 fevral, AZƏRTAC
NATO-ya üzv 29 ölkənin nümayəndələri Şimali Makedoniya Respublikasının Alyansa daxil olması barədə protokolu imzalayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, respublikanın xarici işlər naziri Nikola Dimitrov ratifikasiya proseduru ilə əlaqədar yaxın günlərdə müttəfiq ölkələrin paytaxtlarına səfər etməyi planlaşdırdığını deyib.
İmzalanma mərasimində iştirak edən NATO-nun baş katibi Yens Stoltenberq isə öz növbəsində, protokolun imzalanmasının ratifikasiya prosesini işə saldığını və alyansın yaxın zamanlarda 30-cu üzvünü salamlaya biləcəklərinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Afina və Skopye 2018-ci il iyunun 17-də hər iki ölkənin sərhədində yerləşən Prespa gölünün sahilində Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə saziş imzalayıblar. Həmin saziş yanvarın 11-də Makedoniya parlamenti, yanvarın 25-də isə Yunanıstan parlamenti tərəfindən təsdiqlənib.
Makedoniya Respublikasının adı ətrafında yaranan 27 illik münaqişə bu ölkənin Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına mane olurdu. Belə ki, vilayətlərinin birinin adı Makedoniya olan Yunanıstan Makedoniya Respublikasının adına qarşı çıxırdı. Bu səbəbdən Yuqoslaviya Sosialist Federativ Respublikası dağıldıqdan sonra Makedoniya BMT-yə keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası adı ilə qəbul edilmişdi. Yunanıstan xəritələrində isə onun adı ölkə paytaxtının adı ilə - Skopye kimi qeyd olunurdu.