İQTİSADİYYAT


NATO rəsmisi: Quruma üzv dövlətlər Azərbaycanın reallaşdırdığı irimiqyaslı enerji layihələrini dəstəkləyir

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan NATO-nun enerji ilə bağlı toplantısında təmsil olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Brüsseldə NATO Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin 29+1 formatında ilk dəfə enerji mövzusunda iclası keçirilib. İclasda Azərbaycanı energetika nazirinin müşaviri Esmira Cəfərova təmsil edib. “Azərbaycanın Avropa enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda çıxışında E.Cəfərova ölkəmizin həyata keçirdiyi regional və qlobal əhəmiyyətli enerji layihələri, regional və qlobal enerji təhlükəsizliyinin təminatında rolu, eləcə də energetika sektorunda hazırda aparılan islahatlar və bərpaolunan enerji mənbələrinin payının artırılması istiqamətində görülən tədbirlərdən danışıb.

Tədbirdə iştirakçı NATO ölkələri Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinin təminatında oynadığı rolu yüksək qiymətləndirən bəyanatlarla çıxış ediblər.

İclas çərçivəsində E.Cəfərova, həmçinin NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşüb. Görüşdə Azərbaycan-NATO əlaqələrinin müsbət dinamikası kontekstində enerji məsələlərinin xüsusi rolu və Azərbaycanın etibarlı tərəfdaş kimi bu istiqamətdə səyləri müzakirə olunub.

C.Appaturay bildirib ki, Cənub Qaz Dəhlizi öz geosiyasi əhəmiyyəti və enerji marşrutlarının şaxələndirilməsini təmin etməsi baxımından önəmli layihədir və Azərbaycan bu layihənin həyata keçirilməsində vacib rol oynayır.

O, NATO dövlətlərinin Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanın tərəfdaşları ilə birgə həyata keçirdiyi irimiqyaslı enerji layihələrini dəstəklədiklərini vurğulayaraq, ölkəmizə qarşıya qoyulmuş vəzifələrin icrasında uğurlar diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.