İQTİSADİYYAT
NAXÇIVANDA ENERGETİKA SİSTEMİ YENİLƏŞDİRİLİR
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın energetika işçiləri ilə keçirdiyi görüşdə enerji haqqının toplanmasında yol verilən nöqsanlar üzərində dayanmış və demişdir ki, enerji pulunun pensiya və əmək haqqı cədvəllərindən yığılması kimi hala birdəfəlik son qoyulmalıdır.
Ali Məclisin sədri AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, elektrik enerjisindən istifadədə israfçılığın qarşısını almaq məqsədi ilə ömrünü başa vurmuş mövcud xətlər, transformatorlar yenisi ilə əvəz edilməli, energetiklər arasında əmək intizamı gücləndirilməlidir.
Bu işlərin görülməsi üçün Ukraynanın Zaporojye vilayətindən 140 min ABŞ dolları dəyərində 47 ədəd transformator, 14 ton transformator dolağı, 50 ton alüminium və polad məftil alınıb gətirilmişdir. Yeni bağlanmış müqaviləyə əsasən, Zaporojyedən 400 min ABŞ dolları dəyərində 62 ədəd yeni transformator və digər elektrik avadanlığı da gətiriləcəkdir.