SİYASƏT
NAXÇIVAN MR-İN BAKIDAKI NÜMAYƏNDƏLİYİNDƏ MATƏM MƏRASİMİ DAVAM EDİR
Dekabrın 16-da Milli Məclisin deputatları, respublikamızın bütün bölgələrindən olan görkəmli elm adamları, tanınmış mədəniyyət və incəsənət xadimləri, Heydər Əliyevlə vidalaşmaq üçün muxtar respublikadan gələn yüzlərlə əliyevsevər, habelə mərhum Prezidentimizi şəxsən tanıyan, onunla oxuyan və müxtəlif illərdə birgə işləyən vətəndaşlar numayəndəliyə toplaşmışdılar. Onlar Heydər Əliyev barədə ürək sözlərini matəm kitabına yazmış, xalqımıza baş verən bu ağır itki ilə bağlı dərdlərini ifadə etmişlər.
Naxçıvan MR-in Bakıdakı daimi numayəndəsi HƏSƏN ZEYNALOV xalqımıza baş verən böyük itki ilə bağlı dərdini bizimlə belə bölüşdü:
- Dahi rəhbərimizin vəfatı milyonlarla insanı sarsıdıb. Hər gün respublikamızın müxtəlif şəhər və rayonlarından, ucqar kəndlərdən, hətta xarici ölkələrdən də zəng vuran insanlar başsağlığı verir, xalqımıza səbr diləyirlər. Görürsünüz ki, buraya gələnlərin sayı-hesabı yoxdur. Naxçıvanla Azərbaycanın digər bölgələrini birləşdirən yeganə vasitənin hava nəqliyyatı olmasına baxmayaraq, minlərlə insan öz dahi rəhbəri ilə vidalaşmağa gəlir. Bu insanların keçirdikləri kədər hissini başa düşmək o qədər də çətin deyil. Əgər Heydər Əliyev 1991-ci ildə Naxçıvana gəlməsəydi, Azərbaycanın bu qədim diyarını da işğal olunmuş torpaqlarımızın aqibəti gözləyirdi. İndi torpaqlarımızı Heydər Əliyevin yaratdığı qüdrətli ordu qoruyur. O vaxt isə nə ordu var idi, nə də silah. Xilaskar rəhbərimiz qədim Naxçıvanı dərin zəkasının gücü və əhalimizin dəstəyi ilə qorudu. Bakıda daimi nümayəndəliyin açılması da onun təşəbbüsüdür. Öndərimizin tövsiyə və tapşırıqları həmizə bizim üçün dəyərli olacaqdır. Allah rəhmət eləsin!
Tibb elmləri doktoru, əməkdar həkim, 1998-ci il prezident seçkilərində Heydər Əliyevin vəkili olmuş VAQİF ŞADLİNSKİNİN dedikləri:
- Mən Prezident Heydər Əliyevin vəfatını qəflətən eşitdim və möhkəm sarsıldım. Xalqımız böyük bir ümüdlə gözləyirdi ki, əbədi rəhbərimiz sağ-salamat Vətənə dönəcəkdir. Əlbəttə ki, xalqımızın xilaskarını, dünyada sülhün bərqərar olunması naminə bəşəriyyətə gərək olan dahi bir şəxsiyyəti itirmək bizim üçün olduqca ağırdır. Çünki dövlətimiz başsız qala bilərdi. Lakin Heydər Əliyev müdrikliyi xalqımızı bu bəladan da xilas etdi. Şükürlər olsun ki, Heydər Əliyevin min bir zəhmətlə qurub ərsəyə gətirdiyi müstəqil Azərbaycan dövləti ehtibarli əllərdədir. Ən azı buna görə, dünya durduqca öndərimizə borcluyuq. Məzarı nurla dolsun!
Respublika Ağsaqqallar Şurası idarə heyətinin üzvü, İkinci Dünya müharibəsi və əmək veteranı QƏDİR BABAYEV isə mərhum Prezidentimizlə uşaqlıq xatirələrindən danışdı:
- Mən böyük Heydər Əliyevlə uşaqlıq illərindən tanışam. Uşaqlığımız bir yerdə keçib. Yaxşı yadımdadı, Heydər Əliyev qeyri-adi istedadı, iti yaddaşı ilə təkcə bizi yox, özündən yuxarı sinifdə oxuyan şagirdləri və müəllimləri də heyran edirdi. Hamımız ona həsəd aparırdıq. Son dərəcə nəzakətli, tərbiyəli, dosta sədaqətli idi. Bu insan qorxu və tərəddüdün nə demək olduğunu bilmirdi. Onun həyatı və fəaliyyəti gözlərim önündə olub. İnana bilmirəm ki, indi aramızda yoxdur. Sanki qarmaqarışıq bir yuxu görürəm. Onun yoxluğunu bir neçə ildən sonra hiss edəcəyik. Rəhmətlik deməyə də dilim gəlmir. Ruhu şad olsun!
Bir nömrəli Mərkəzləşdirilmiş Kliniki Xəstəxananın baş həkimi, əməkdar həkim PƏNAH ƏLİYEV:
- Əminəm ki, nə qədər ki, həyat var, Heydər Əliyev türk dünyasının əvəzolunmaz qəhrəmanı kimi yaddaşlarda qalacaqdır. Çünki dahi rəhbərimiz yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyəti ilə türk xalqlarının ürəyində əbədi məşəl yandırmışdır. Bu məşəl sönən deyil. Onu zorla söndürməyə isə heç kimin gücü çatmaz. Ən azı ona görə ki, türk xalqları hələ yüz illər boyu Heydər Əliyevin ürəklərdə yandırdığı əbədi məşəlin istisində qızınacaq, işığında yaşayacaqlar.
Məzarı nurla dolsun!
Həkim ARİF FƏRƏCOV:
- Heydər Əliyev Allahın Azərbaycan xalqına bəxş etdiyi əvəzolunmaz xilaskardır. Dahi rəhbərimiz uzaqgörən siyasəti ilə dövlətimizi işıqlı gələcək yoluna çıxarmışdır. Minlərlə azərbaycanlı gənc 1975-1985-ci illərdə Heydər Əliyevin qayğısı ilə keçmiş SSRİ-nin müxtəlif ali məktəblərinə göndərilərək təhsil almışdır. Ölkəmizdəki ali məktəblər onun qayğısı ilə inkişaf etmişdir. Mən də həmin illərdə təhsil alanlardan biriyəm. Mənimlə oxuyan adamların sorağı indi dünyanın hər yerindən gəlir. Əgər vaxtilə öndərimiz bu siyasəti yeritməsəydi, indi dövlətimiz ciddi kadr çatışmazlığı ilə qarşılaşa bilərdi. Əminəm ki, xalqımız Heydər Əliyev zirvəsini heç vaxt unutmayacaqdır.