SİYASƏT
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN DÖRDÜNCÜ SESSİYASI KEÇİRİLMİŞDİR
Yanvarın 7-də ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilmişdir. Ali Məclisin başçısı Vasif Talıbovun sədrliyi ilə keçirilən sessiyanın gündəliyinə altı məsələ daxil idi: 2003-cü ilin Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ili elan edilməsi haqqında; 2002-ci ildə Naxçıvan MR-in sosial-iqtisadi inkişafı haqqında; MR-in 2002-ci il üçün dövlət büdcəsinin icrası haqqında; muxtar respublikanın 2003-cü il üçün dövlət büdcəsinin təsdiq edilməsi haqqında; “Naxçıvan Muxtar Respublikasının 2002-ci il dövlət büdcəsinin təsdiq edilməsi barədə” Ali Məclisin 5 yanvar 2002-ci il tarixli qərarına qismən dəyişiklik edilməsi haqqında” Ali Məclis sədrinin 23 yanvar 2002-ci il tarixli qərarının təsdiq olunması barədə; Ali Məclis sədrinin fərmanlarının təsdiq olunması haqqında.
Ali Məclisin sədri 2003-cü ilin Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ili elan edilməsi məsələsi barədə məlumat verərək demişdir ki, bu il mayın 10-da Azərbaycan Prezidentinin anadan olmasının 80 illiyi tamam olur. Bu 80 illik ömrün böyük bir hissəsi Azərbaycan xalqının, dövlətinin inkişafına, dünyada layiqli yer tutmasına sərf edilmişdir. Bu siyasi məktəbdən, canlı tarixdən öyrənmək hər birimizin vəzifəsi olduğu üçün 2003-cü ilin Naxçıvan MR-də Heydər Əliyev ili elan edilməsini təklif edirik. Biz dünənimizi, bugünümüzü, gələcəyimizi qoruyub yaşatmaq istəyiriksə, hər gün Heydər Əliyev məktəbindən öyrənməli, onun ideyalarının həyata keçirilməsi üçün çalışmalıyıq.
Ali Məclisin sədri vurğulamışdır ki, XX əsrin sonu və XXI əsrin başlanğıcında Azərbaycanın iki böyük milli sərvəti var. Biri onun rəhbəri Heydər Əliyev, digəri isə ölkəmizin qazandığı müstəqillikdir.
Ali Məclisin deputatlarından İsa Həbibbəyli, Səfərəli Babayev və Elxan Hüseynli çıxış edərək, 2003-cü ilin muxtar respublikada Heydər Əliyev ili elan olunması barədə təklifi dəstəkləmişlər. Ali Məclis bu təklifi yekdilliklə qəbul etmişdir.
Sessiyada gündəliyin digər məsələləri də müzakirə edilib müvafiq qərarlar qəbul olunmuşdur.