NAXÇIVAN MUXTAR RESPUBLİKASI İLƏ İRAN İSLAM RESPUBLİKASI ARASINDA PULSUZ VİZA TƏTBİQ EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, blokada şəraitində yaşayan Naxçıvan sakinlərinin İrana, İran vətəndaşlarının isə Naxçıvana gediş-gəliş qaydaları bir qədər də sadələşdirilmişdir. Bu barədə sənəd qonşu ölkənin xarici işlər naziri Mənuçehr Mottəkinin Bakıya səfəri zamanı imzalanmışdır. Bundan sonra İranın Bakıdakı səfirliyi və Naxçıvandakı konsulluğu muxtar respublika sakinlərinə pulsuz viza verəcəklər.
Eyni zamanda Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki baş konsulluğu İrandan Naxçıvana gedənlərə 3 ay müddətində pulsuz viza verəcəklər. Hər dəfə Azərbaycandan İrana gedənlər və İrandan Azərbaycana gələnlər 20 gün həmin ölkədə yaşaya biləcəklər.
Bu cür gediş-gəliş qaydaları iki il müddətində qüvvədə olacaqdır.