CƏMİYYƏT
NAXÇIVAN ŞƏHƏRİNDƏKİ PİRQƏMİŞ MƏSCİDİ TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİNDƏN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
Naxçıvan, 3 iyun (AZƏRTAC). Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin əsaslı təmir və yenidənqurma işlərindən sonra iyunun 3-də - Həzrəti Fatimeyi Zəhranın doğum günündə istifadəyə verilməsi dini dəyərlərimizə hörmət və ehtiramın ifadəsinə çevrilmişdir.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının qazisi Mircəfər Seyidov muxtar respublikada ziyarətgahlarda, məscidlərdə, dini abidələrdə aparılan quruculuq işlərini, yas mərasimlərinin tənzimlənməsini, qəbiristanlıqlarda səliqə-sahmanın yaradılmasını dini ənənələrə ehtiramın ifadəsi kimi dəyərləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məscidlərin xalqımızın mənəvi dəyərlərini özündə yaşadan və gələcək nəsillərə daşıyan yerlər olduğunu bildirərək demişdir: Ulu öndərimiz Heydər Əliyev həmişə, xüsusən Azərbaycanın müstəqilliyi illərində ziyarətgahların, dini ocaqların, məscidlərin bərpasına, yenidən qurulmasına ciddi diqqət yetirmişdir. Bu nəcib ənənəni davam etdirən Prezident İlham Əliyev də dini dəyərlərə ehtiramla yanaşır. Bakıda Təzəpir məscidi, Bibiheybət ziyarətgahı kompleksi və digər müqəddəs ocaqlar yenidən qurularaq dindarların istifadəsinə verilmişdir. Azərbaycanda müstəqillik dövründə bu sahəni müvafiq kadrlarla təmin etmək üçün universitet yaradılmış, yeni kitablar nəşr olunmuş, müqəddəs kitabımız olan “Qurani-Kərim” Azərbaycan dilinə tərcümə edilmişdir. İndi hər bir adam onu oxuyub mənasını başa düşə bilər. “Quran” müqəddəs kitab olmaqla yanaşı, həm də elmi kitabdır. O, elm, mədəniyyət öyrədir, insanlara yol göstərir. “Quran”ın olduğu kimi öyrənilməsi, insanlara çatdırılması, mənəviyyatımızın qorunması sahəsində dindarların da üzərinə mühüm vəzifələr düşür.
Ali Məclisin sədri muxtar respublikada dini abidələrdə, müqəddəs yerlərdə quruculuq işlərinin aparıldığını bildirərək demişdir: Artıq bir neçə ildir ki, muxtar respublikanın şəhər və kəndlərində, yaşayış məntəqələrində qəbiristanlıqlar abadlaşdırılır, yeni məscidlər tikilir, mövcud olanları yenidən qurulur, əsaslı təmir edilir. Dindarlar arasında dini təhsilin artırılması üçün kurslar təşkil olunur, kitablar yayılır və müxtəlif tədbirlər görülür ki, insanlarımız din, mənəviyyat sahələrində olan işlərdən bəhrələnə bilsinlər.
Bunun üçün yaradılmış şəraitdən düzgün istifadə olunmalı, məscidlərə gələnlər özlərini ibadət və dua məkanında, mənəviyyatın saflaşdığı bir yerdə hiss etməli, xeyir görməlidirlər. Məscidlərin tikilməsində, yenidən qurulub istifadəyə verilməsində əsas məqsəd bundan ibarətdir ki, mənəviyyatımız qorunsun, hər bir ailədə böyük-kiçik yeri bilinsin və ilk növbədə din sahəsində çalışanlar müqəddəs əməllərin daşıyıcıları olsunlar, bu sahədə nümunə göstərsinlər.
Muxtar respublikanın dini qurumlarında belə ab-havanın olduğunu vurğulayan Ali Məclisin sədri Vasif Talıbov xalqımızın əsrlər boyu formalaşmış dəyərlərinin gələcək nəsillərə çatdırılmasında muxtar respublika dindarlarının fəal iştirakçılara çevriləcəyinə əminliyini ifadə etmiş, bu sahədə çalışanlara təşəkkürünü bildirmişdir.
Sonra məscidə baxış olmuşdur.
Aparılan təmir və yenidənqurma işlərindən sonra binanın həm xarici, həm də daxili yeni görkəm almışdır. Məsciddə bərpa və tərtibat işləri klassik Şərq üslubunda həyata keçirilmiş, incə memarlıq nümunələri öz əksini tapmışdır.