RƏSMİ XRONİKA
NAXÇIVAN ŞƏHƏRİNDƏ ÜZGÜÇÜLÜK MƏRKƏZİNİN AÇILIŞ MƏRASİMİ
Mərasimə toplaşmış on minlərlə şəhər sakini dövlətimizin başçısını böyük səmimiyyətlə qarşıladılar.
Təntənəli mərasimi Ali Məclisin sədri Vasif Talıbov açdı.
NAXÇIVAN MR ALİ MƏCLİSİNİN SƏDRİ
VASİF TALIBOVUN
ÇIXIŞI
- Möhtərəm cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Bu gün Naxçıvan Muxtar Respublikasının əhalisi, gəncləri üçün olduqca əlamətdar bir gündür. Ölkəmizin rəhbəri İlham Əliyevin himayəsi və qayğısı ilə tikilən yeni idman kompleksi - Üzgüçülük Mərkəzi gənclərin istifadəsinə verilir. Bu, gənclərə olan xüsusi qayğının ifadəsidir.
Hörmətli İlham Əliyev bu ilin may ayında muxtar respublikaya səfəri zamanı Üzgüçülük Mərkəzində də tikintinin gedişi ilə maraqlanmış, burada ən yüksək tələblərə cavab verən şəraitin yaradılmasını tapşırmışdı. Ölkə rəhbərinin tapşırığı yerinə yetirilmiş və müasir Avropa memarlığı üslubunda tikilən Üzgüçülük Mərkəzi ən yeni avadanlıqla təchiz edilərək istifadəyə verilir. Bu xüsusi qayğıya və diqqətə görə hörmətli İlham müəllimə gənclərimiz və idmançılarımız adından dərin minnətdarlığımızı bildiririk.
İdman sabitliyin olduğu, iqtisadiyyatın ardıcıl inkişaf etdiyini ölkədə tərəqqi edir. Müstəqil Azərbaycan inkişafa və tərəqqiyə, əmin-amanlığa qovuşduğuna görə adı tarixə qızıl hərflərlə yazılmış möhtərəm Heydər Əliyevə borcludur. Xalqımız bundan sonra da bu dahi şəxsiyyətin, xilaskarın və qurucu liderin adını daim məhəbbətlə xatırlayacaq və yad edəcəkdir.
Son illərdə ölkəmizdə bədən tərbiyəsi və idmanın əsrə bərabər inkişaf yolu keçməsi möhtərəm Heydər Əliyevin məqsədyönlü siyasi fəaliyyətinin nəticəsidir. Ümummilli liderimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan idmanı misli görünməmiş yüksəliş yoluna çıxdı.
X X X
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.