CƏMİYYƏT
NAYORA gənclər təşkilatlarını Xocalı soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər edib
Bakı, 26 fevral, AZƏRTAC
Bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri kimi tarixin yaddaşına həkk olmuş Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatları tərəfindən silsilə tədbirlər həyata keçirilir.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, hər il olduğu kimi, bu dəfə də gənclər təşkilatlarının timsalında Azərbaycan gəncliyi Xocalı soyqırımının həm yerli, həm də beynəlxalq səviyyədə geniş təbliğini əsas hədəf kimi müəyyənləşdirib. Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş ilkin tədbirlərdən biri olaraq NAYORA-nın təşəbbüsü ilə videoçarx hazırlanaraq ictimaiyyətə təqdim olunub. Qısametrajlı videoçarxda Xocalı qətliamını əks etdirən kadrlar virtual reallıq eynəkləri vasitəsilə xarici ölkələrin vətəndaşları olan gənclərə nümayiş olunub. İştirakçılar həmin gecəyə virtual şahidlik edərək Xocalı qətliamı haqqında fikirlərini bölüşüblər. Videoçarxın hazırlanmasında məqsəd digər ölkələrin diqqətini Azərbaycanın Xocalı şəhərində həyata keçirilən bu soyqırımına yönəltməkdir. Videoçarx NAYORA-nın tərəfdaş olduğu xarici təşkilatlara göndərilib.
Eyni zamanda, Xocalı soyqırımı haqqında faktları əks etdirən ingilis dilində hazırlanmış posterlər sosial şəbəkələrdə xarici auditoriyanın diqqətinə çatdırılır.
NAYORA beynəlxalq təmsilçiliyin gücləndirilməsi üçün səylə çalışır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində Şanlı Qələbəsindən sonra Şura üzv təşkilatları beynəlxalq sferada fəal mübarizəyə çağırıb və bu istiqamətdə onların fəaliyyətlərinin inkişafı üçün əsaslı addımlar atıb. Bunlardan biri də fevralın 25-də “Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında gənclərin və gənclər təşkilatlarının rolunun artırılması" mövzusunda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla gənclər təşkilatlarının görüşünün təşkili olub.
Görüşdə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında gənclərin və gənclər təşkilatlarının düzgün təbliğat üsullarından istifadə etməsi, beynəlxalq təmsilçilikdə gənclərin və gənclər təşkilatlarının rolu kimi mövzular müzakirə olunub. Səməd Seyidov beynəlxalq təmsilçiliklə bağlı tövsiyə və təcrübələrini gənclərlə bölüşüb.
NAYORA Xocalı soyqırımının ölkə gəncləri arasında təbliği istiqamətində də addımlar atır. Gənclər təşkilatlarının təmsilçilərindən ibarət ictimai maarifləndirmə qrupları paytaxtda və regionlarda fəaliyyət göstərərək Xocalı həqiqətlərini gənclərə çatdırır və bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirirlər.
Gənclər təşkilatları üçün görüşlərin və maarifləndirmə işlərinin keçirilməsində NAYORA-nın əsas məqsədi yüksək intellektli, bilikli və vətənpərvər “Azərbaycan gəncliyi ordusunun yetişdirilməsində fəal iştirak etməkdir.
Silsilə tədbirlər çərçivəsində fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün NAYORA-ya üzv təşkilatların “Ana harayı” abidəsinə yürüşü təşkil olunub.
NAYORA-nın hazırladığı videoçarxı https://youtu.be/o-Py0XcoiNA keçidi vasitəsilə izləmək mümkündür.