REGİONLAR
NAZİKQABIQ CƏVİZ VƏ KİŞMİŞİ ÜZÜM SORTLARI QORUNUB SAXLANIR, ARTIRILIR
Müsabiqəli Qrantlar Proqramının tətbiqi üzrə Kənd Təsərrüfatı Tədqiqatları Şurasının Katibliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, layihədən məqsəd ölkənin qiymətli genofondunu təşkil edən və itməkdə olan bitkilərin qorunub saxlanılması və artırılmasıdır. Bundan ötrü Ordubad, Culfa, Babək, Şərur, Şahbuz rayonlarının 300 fermerinin hər birinə 3-5 ədəd nazikqabıq cəviz tingləri paylanmış və əkilməsi tövsiyə olunmuş, 8 fermer təsərrüfatında isə yüksək məhsuldarlıqlı kişmişi üzüm sortlarından ibarət yeni bağ salınmışdır.
Layihə fermerlərin yüksək texnologiya əsasında qiymətli nazikqabıq cəviz və kişmişi üzüm sortlarından ibarət bağ salmasına və bu sortların becərmək texnikasına yiyələnmələrinə yardım göstərəcəkdir. Mütəxəssislərin fikrincə, layihə başa çatdıqdan 5-6 il sonra muxtar respublikada fermerlərin 75-80 faizi təklif olunan texnologiyadan, eləcə də sortlardan istifadə edəcək, nəticədə meyvə və üzüm istehsalı 30-35 faiz artacaqdır.