İQTİSADİYYAT


NAZİRLƏR KABİNETİNDƏ 2004-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ VƏ SONRAKI ÜÇ İL ÜÇÜN İQTİSADİ PROQNOZ MÜZAKİRƏ EDİLMİŞDİR

Nazirlər Kabinetinin sentyabrın 24-də keçirilən iclasında Azərbaycan Respublikasının 2004-cü il üçün büdcəsi və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcəsinin layihələri, habelə 2004-cü il və gələn üç il üçün sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilmişdir.

İclası Baş nazirin birinci müavini Artur Rasizadə aparırdı. İqtisadi inkişaf naziri Fərhad Əliyev, maliyyə naziri Əvəz Ələkbərov çıxış edərək bildirdilər ki, bu göstəricilər həm dövlət strukturlarında, həm də Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndə heyətləri ilə müzakirə olunmuşdur. Hazırda Azərbaycan tərəfi bu beynəlxalq maliyyə qurumları ilə energetika sahəsində qiymətlərin tənzimlənməsi, maliyyə intizamının möhkəmləndirilməsi, neft satışından əldə olunan gəlirlərdən səmərəli istifadə edilməsi, vergi islahatları, dövlətin sərmayə siyasəti və regional inkişaf, struktur dəyişikliklərinin istiqamətləri ilə bağlı məsələlərə dair danışıqlar aparır. Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olması üçün ABŞ Dövlət Departamentinin ayırdığı 1milyon dollar məbləğində qrant hesabına maliyyələşdirilən işlər davam etdirilir.

Ölkənin 2004-cü ildə və sonrakı üç ildə iqtisadi inkişafının əsas göstəricilərindən danışılarkən bildirildi ki, iqtisadiyyat sahəsində qanunvericilik bazasını təkmilləşdirmək, qiymət sabitliyini, qeyri-neft sektorunun dinamik inkişafını təmin etmək planlaşdırılır. Köhnəlmiş avadanlığın təzələnməsi, buraxılan məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi qeyri-neft sektorunda istehsalın artım və səmərəliliyinin stimullaşdırılması sahəsində dövlət siyasətinin əsas tədbirləri olacaqdır. Aqrar sektorda Azərbaycan üçün ənənəvi sahələrin - taxılçılığın, üzümçülüyün, pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişaf etdirilməsi məsələlərinə önəm veriləcəkdir. Bank sektorunda ipoteka kreditlərindən, lizinqdən geniş istifadə etmək planlaşdırılır. Energetika sahəsində “Azərenerji” və “Azəriqaz” üçün dövlət subsidiyalarını azaltmaq nəzərdə tutulur. Yaxın illərdə turizmin inkişafına böyük diqqət yetiriləcəkdir.

2004-cü ildə bütün maliyyə mənbələri üzrə sərmayələrin həcmi 18,3 trilyon manat, xarici sərmayələrin həcmi isə 3 milyard dollar təşkil edəcəkdir. Sosial sahədə müəyyən inkişaf olacağı gözlənilir. Belə ki, ölkədə orta əmək haqqı 525 min manat, bu sahədə artım sürəti isə 18,5 faiz olacaqdır. Xarici ticarət dövriyyəsinin həcmi 4,7 milyard dollar təşkil edəcəkdir. İqtisadçıların hesablamalarına görə, milli valyutanın orta illik məzənnəsi ABŞ dollarına nisbətdə 4975 manat hüdudlarında olacaqdır.

İclasda bəzi nazirlərin bir çox sahələrdə, o cümlədən səhiyyə, təhsil, qaçqınların sosial problemləri sahəsində maliyyələşdirmənin həcmini artırmaq barədə təklifləri də nəzərdən keçirildi.

Müzakirələrin yekunlarına əsasən, təqdim olunmuş büdcə və iqtisadi proqnoz bəyənildi və onları ölkə Prezidentinə təqdim etmək qərara alındı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.