SİYASƏT
NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Səmimi qəbula görə baş nazirə təşəkkürünü bildirən Binali Yıldırım səfərinin məqsədini açıqlayaraq dedi ki, dost, qardaş Türkiyə ilə Azərbaycanın nəqliyyat və rabitə qurumları arasında əlaqələrin perspektivinə, xüsusən telekommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr Bakı görüşlərinin əsas mövzusunu təşkil edir. Səfər proqramı çərçivəsində Azərbaycanın Rabitə Nazirliyi ilə dünya qlobal İnternet şəbəkəsinə qoşulma, Türksat peykindən daha səmərəli istifadə, elektron ticarət, poçt sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, habelə fiber-optik kabel çəkilişinin tezliklə başa çatdırılması məsələlərinə dair danışıqlar aparılmışdır. Nazir bu müzakirələrin yekunu olaraq müvafiq protokol imzalanmasının da nəzərdə tutulduğunu bildirdi.
Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıqdan məmnunluqla söhbət açan baş nazir Artur Rasizadə ölkələrimizin siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğuladı. Nəqliyyat, rabitə və telekommunikasiya sahələrində də əməkdaşlığın səmərəli nəticələr verdiyini vurğulayan baş nazir xatırlatdı ki, indiyədək görülən işlərin nəticəsində Azərbaycanla Türkiyə arasında sabit və etibarlı rabitə əlaqəsi qurulmuşdur. Artur Rasizadə ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi addımların atılacağını bildirdi.
Görüş zamanı qarşılıqlı iqtisadi maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.
Qəbulda Azərbaycanın rabitə naziri Nadir Əhmədov və Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz iştirak edirdilər.