SİYASƏT
NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Fevralın 24-də baş nazir Artur Rasizadə Yaponiya xarici işlər nazirinin müavini Tetsuro Yano başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.
Baş nazir qonaqları salamlayaraq dedi ki, ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir və Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfəri bu münasibətlərin inkişafına daha böyük təkan vermişdir. Yaponiya Azərbaycana göstərilən yardımın həcminə görə digər ölkələrdən fərqlənir. O, buna görə hökumət adından Yaponiya tərəfinə dərindən təşəkkür etdi və bildirdi ki, yaxın vaxtlarda Yaponiyada respublikamızın səfirliyinin açılması da ölkələrimiz arasında əlaqələrin güclənməsinə kömək göstərəcəkdir.
Cənab Yano səmimi qəbula görə təşəkkür edərək dedi ki, Yaponiya Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyir. O, Böyük İpək yolunun bərpasına dair TRASEKA kimi qlobal layihənin gerçəkləşdirilməsində Azərbaycanın rolunu xüsusi vurğuladı. Qonaq səfərinin məqsədindən danışaraq bildirdi ki, Təhsil Nazirliyində “Mədəniyyət sahəsində qrantlar haqqında” notaların mübadiləsi və səhiyyə sahəsində memorandumun imzalanması mərasimi olmuşdur. Bakı Dövlət Universitetində 20 tələbənin yapon dili və mədəniyyətini öyrəndiyi dərnək üçün avadanlıq da verilmişdir.
Qəbulda baş nazirin müavini Abid Şərifov, Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara iştirak edirdilər.