SİYASƏT
NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Aprelin 10-da Azərbaycanın baş naziri Artur Rasizadə Çin Xalq Respublikası xarici işlər nazirinin müavini Lyu Quçan başda olmaqla nazirliyin nümayəndə heyətini qəbul etmişdir.
Baş nazir Azərbaycan-Çin iqtisadi əməkdaşlığını bütün istiqamətlərdə genişləndirməyin zəruriliyini vurğulayaraq, 2002-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 95 milyon dollara çatdığını və 2001-ci ilin göstəricilərindən yüksək olduğunu xatırlatdı. Bildirildi ki, əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazımi iqtisadi potensial və yüksək dərəcədə siyasi etimad var. Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ildə ÇXR-ə rəsmi səfəri, ölkə rəhbərliyi ilə keçirdiyi görüşlər, imzalanmış ikitərəfli sənədlər qarşılıqlı əlaqələrin inkişafına böyük təkan vermişdir. Artur Rasizadə dedi ki, Çin Azərbaycanın müstəqilliyini birincilər sırasında tanımış və ölkəmizdə öz səfirliyini açmışdır. O, təhsil sahəsində, o cümlədən məktəblərin kompüter texnikası ilə təchizatı sahəsində Azərbaycana yardım göstərdiyinə görə Çin hökumətinə təşəkkür etdi.
Baş nazir respublikamız üçün başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə onun sülh yolu ilə həlli üçün ölkə rəhbərliyinin göstərdiyi səylər barədə məlumat verdi. O, bu məsələyə dair bir sıra qətnamələr qəbul etmiş BMT Təhlükəsizlik Şurasının daimi üzvü və dünyanın ən iri ölkələrindən biri kimi, Çinin münaqişənin nizama salınması işində rolunu da nəzərə çarpdırdı.
Lyu Quçan ÇXR Dövlət Şurasının yeni sədri Ven Szyabaonun salamını Azərbaycanın baş nazirinə yetirdi və əmin etdi ki, onun ölkəsinin yeni hökuməti respublikamızla iqtisadi münasibətləri dərinləşdirmək niyyətindədir. Çin diplomatı dedi ki, bu sahədəki hüquqi bazanı təkmilləşdirmək, iki ölkənin sənaye müəssisələri arasında birbaşa əlaqələr yaratmaq, habelə Azərbaycan-Çin iqtisadi forumu keçirmək lazımdır.
Qəbulda Çinin Azərbaycandakı səfiri Çjan Siyun iştirak edirdi.
X X X
Həmin gün baş nazir Artur Rasizadə ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi naziri Nino Çxobadzeni qəbul etmişdir.
Görüşdə ekologiya sahəsində ikitərəfli əməkdaşlığı genişləndirmək, o cümlədən birgə regional proqramlarda iştirak etmək məsələləri müzakirə olunmuşdur. Belə ki, iqlimin qlobal miqyasda istiləşməsi nəticəsində Qafqaz dağlarında buzlaqların əriməsi bütün regionun təbiəti üçün fəlakətli ola bilər. Odur ki, ekoloqların vəzifəsi bu təsirlərin azaldılması və nəticələrinin aradan qaldırılması üçün tədbirlər görməkdən ibarətdir.
Nino Çxobadze baş nazirə ARDNŞ-də xarici neft şirkətləri nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşlər barədə məlumat verərək dedi ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin gerçəkləşdirilməsi məsələsinə dair Gürcüstan tərəfinin irəli sürdüyü bir sıra təkliflərin reallaşdırılması haqqında fikir mübadiləsi aparıldı.
Qəbulda ölkəmizin ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak edirdilər.