SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Avqustun 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə İranın Xarici İşlər nazirinin müavini Möhsün Əminzadəni qəbul etmişdir.
Səmimilik şəraitində keçən qəbul zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tehrana rəsmi səfərindən sonra iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyi, bir sıra iqtisadi layihələr üzərində işlərin sürətləndirildiyi vurğulandı. Belə ki, son vaxtlar ölkələrimiz arasında yanacaq-energetika sahəsində əməkdaşlıq haqqında, İrandan Naxçıvana qaz verilməsi, Astara-Bakı yolunun çəkilməsi, yeni körpülərin tikilməsi barədə intensiv danışıqlar aparılır. Şimal-Cənub dəhlizinə qoşulmaq haqqında ölkəmizin müraciətinə də İran hökuməti öz müsbət rəyini vermişdir.
Bakıya gəlişindən məmnun qaldığını bildirən qonaq səfərinin məqsədi barədə respublikamızın baş nazirinə ətraflı məlumat verərək, yaxın qonşu dövlətlər olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud iqtisadi-mədəni əməkdaşlığın müxtəlif cəhətlərinə toxundu, bu əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkədə böyük potensialın olduğunu qeyd etdi.
Söhbət zamanı Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində konstruktiv danışıqlar getdiyi vurğulandı, bu mühüm məsələnin tezliklə həll edilməsinin bütün Xəzəryanı dövlətlər üçün səmərəli olacağı nəzərə çarpdırıldı. Görüşdə xalqlarımız arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsinin, o cümlədən incəsənətin müxtəlif sahələrində qarşılıqlı mübadilənin əlaqələrimizin yaxşılaşması baxımından böyük əhəmiyyət daşıdığını bildirdi.
Sonra hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər ətrafında da müzakirələr aparıldı.
Qəbulda İran İslam Respublikasının ölkəmizdəki səfiri Əhəd Qəzai iştirak edirdi.