İQTİSADİYYAT


N.Bağırov: Azərbaycanın Dubayda beynəlxalq turizm sərgisində iştirakı olduqca önəmlidir

Əbu-Dabi, 23 aprel, AZƏRTAC 

Dubayda keçirilən 25-ci “Arabian Travel Market-2018” beynəlxalq turizm sərgisi Azərbaycan üçün olduqca önəmlidir və ölkəmiz burada kifayət qədər uğurla təmsil olunur.

Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibədə sərginin açılışında iştirak edən Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Dubaydakı turizm sərgisi ən önəmli sərgilərdən biri hesab edilir və bütün dünyanın aparıcı ölkələri burada təmsil olunur. “Gördüyünüz kimi, Azərbaycan stendinə böyük maraq var. Bu gün ölkəmizin 50-dən çox turizm şirkətləri və otelləri burada fəal iştirak edir. İnanın ki, Azərbaycan pavilyonunun yeri bundan da böyük olsaydı, 200-dən yuxarı turizm şirkətləri iştirak edə bilərdi”, – deyərək assosiasiya sədri bildirib.

AzTA –nın sədri qeyd edib ki, Azərbaycana ən çox turist Ərəb ölkələrindən gəlir. “Demək olar ki, bütün körfəz ölkələri Dubay bazarının ətrafına yığışır, ona görə də, bizim üçün burada iştirak çox önəmlidir, nəzərə alsaq ki, Dubaydan, Şərcədən və Əbu-Dabidən təyyarə uçuşlarımız var. Bu il Səudiyyə Ərəbistandan uçuşlarımız başlayır, ölkənin beş şəhərinə birbaşa təyyarələr uçuş edəcək, Küveytdən uçuşlar var, üç aviaşirkət fəaliyyət göstərir. Bununla yanaşı, bu sərgidə Ərəb və Körfəz ölkələrinin şirkətləri ilə görüşməyə və müzakirələr aparmağa geniş imkan yaranır. Bu baxımdan da Dubay turizm sərgisi çox vacibdir”, - deyə o, bildirib.

Nahid Bağırov deyib: “Bizim üçün önəmlisi odur ki, ölkəyə yüksək kateqoriyadan olan təbəqəni cəlb etməkdir. Buna nail olmaq üçün bir neçə amil var. Bu təbəqədən olan səyahətçilər həmişə çalışırlar loukost şirkətlərdən deyil, beş ulduzlu aviaşirkətlərin xidmətlərindən istifadə etsinlər. Artıq buna da nail olunub - Əbu-Dabidən iki ay öncə “Etihad Airways” aviaşirkəti birbaşa uçuşlara başlayıb. Bu aviaşirkət vasitəsilə Azərbaycana Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn və bütün ərəb ölkələrindən artıq yüksək kateqoriyadan olan təbəqə gəlməyə başlayıb. Məlum olduğu kimi, Ərəbistan bazarından beş ulduzlu aviaşirkətlərdən Azərbaycana yalnız “Qatar Airways” şirkəti uçuş həyata keçirirdi, lakin məlum problemlərə görə Səudiyyə Ərəbistanı vətəndaşları və başqa körfəz ölkələri üçün problemlər yaranmışdı. Amma “Etihad”ın uçuşlara başlamasından sonra daha çox turistin gəlişi nəzərdə tutulur".

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.