REGİONLAR
NDU-da “Tələbədən şagirdə” adlı kitab aksiyası keçirilib
Naxçıvan, 29 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Tələbədən şagirdə” adlı kitab aksiyası keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbiri açan YAP Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev tələbə təşkilatlarının daha bir uğurlu fəaliyyətindən danışıb. Qeyd edib ki, gəncləri ətrafında birləşdirən bu layihələr tələbələrin bacarıqlarının, dünyagörüşlərinin qiymətləndirilməsi baxımından çox önəmlidir.
Layihə barədə məlumat verən Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov bildirib ki, təqdim olunan layihənin əsas məqsədi ali məktəblərə qəbul olan abituriyentlərə dəstək məqsədi daşıyır. Belə ki, ali məktəbə qəbul olan tələbələr abituriyent dövründə istifadə etdikləri dərs vəsaitlərini, test proqramlarını və tədrisə köməkçi digər müxtəlif vasitələrini şagirdlərə təqdim edir. Tələbələrin könüllü olaraq qatıldığı bu layihə hər ay həyata keçiriləcək.
Elmi Kitabxananın direktoru Fariz Əhmədov tələbələrin bu təşəbbüsünün əhəmiyyətini vurğulayıb, kitabxananın bu istiqamətdə görəcəyi işləri diqqətə çatdırıb.
Sonda aksiyanın iştirakçısı olan tələbələr öz vəsaitlərini könüllü olaraq kitabxanaya təqdim ediblər.