REGİONLAR


NDU-da ən müasir elm və təhsil infrastrukturu formalaşdırılıb

Naxçıvan, 24 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində 2021-ci ilin altı ayının yekunlarına və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələrə həsr olunmuş iclas keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Universitetin rektoru Elbrus İsayev iclasda çıxış edərək universitetdə ən müasir elm və təhsil infrastrukturunun formalaşdırıldığını, maddi-texniki bazanın gücləndirildiyini vurğulayıb. Bildirib ki, bəhs olunan dövrdə ali təhsil ocağının Xarici dillər fakültəsinin tədris korpusu istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə dünya standartlarına tam cavab verən yeni mərkəz, kabinə, laboratoriyalar, o cümlədən “Yaşıl əczaxana” yaradılıb.

Diqqətə çatdırılıb ki, 10 fakültə, Magistratura mərkəzi, Xarici tələbələrlə iş üzrə dekanlığın fəaliyyət göstərdiyi universitetin bakalavr pilləsində 63 ixtisas üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. 2021-ci ildə universitetin əməkdaşlarından bir nəfər elmlər doktoru elmi dərəcəsi alıb, bir nəfərin professor, 4 nəfərin isə dosent elmi adları almaları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılıb. Bununla yanaşı, hazırda fəlsəfə doktoru proqramı üzrə 85, elmlər doktoru proqramı üzrə isə 22 nəfər doktorant və dissertant vardır. Onlardan bir nəfəri Koreya, bir nəfəri isə Türkiyə vətəndaşıdır.

Vurğulanıb ki, “Erasmus+” proqramı çərçivəsində “Təhsildə keyfiyyətin təminatı” və “Səhiyyədə risklərin idarə olunması, peşə və kadr hazırlığı” olmaqla, 2 layihə qazanılıb. Bundan başqa, Naxçıvan Dövlət Universitetindən bir müəllim “Erasmus+” çərçivəsində Rumıniyanın AlexandruIoan Cuza Universitetinə birhəftəlik mübadilə proqramında iştirak etmək hüququ qazanıb. Bununla yanaşı, “Mövlana tələbə-müəllim mobilliyi” proqramı çərçivəsində də Türkiyə universitetləri ilə əlaqələr təmin edilib.

2020-2021-ci tədris ilində Boloniya prosesinin tələblərinə uyğun olaraq təhsilin kredit sistemi ilə təşkilindən danışan rektor qeyd edib ki, ali təhsil ocağında 2021-ci ilin altı ayı ərzində “Duzdağ” mövzusunda beynəlxalq konqres, “Alternativ tibb metodunun tətbiqi” və “Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti” mövzularında isə respublika elmi konfransları keçirilib. 2021-ci ilin birinci yarısında universitet əməkdaşlarının 18 dərs vəsaiti, 2 kitabı, 33 metodik vəsait və proqramı, 100 elmi məqaləsi və 136 konfrans materialı çap olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılmasının əhəmiyyətindən danışan rektor diqqətə çatdırıb ki, 2020-2021-ci tədris ilində universitetdə tədris dili ingilis dilində olan İqtisadiyyat ixtisası açılaraq tədrisin keyfiyyəti daha da artırılıb. Dünya təhsil sisteminə inteqrasiya edən universitetdə hesabat dövründə 10 fakültəyə aid bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 63 ixtisas üzrə 5588 tələbə, magistratura təhsil səviyyəsində 81 ixtisaslaşma üzrə 348 magistrant və rezidentura üzrə 52 nəfər rezident təhsil alıb ki, onlardan 986-sı xarici ölkə vətəndaşıdır.

Universitet tələbələri “I Startap” və “İqtisadi sahədə startap layihələri” müsabiqələrində uğurla çıxış ediblər, “Enactus onlayn sahibkarlıq” müsabiqəsində universitetin “Enactus” komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi olub. Hesabat dövründə hami təşkilatlarla birgə 16 tədbir keçirilib.

Bildirilib ki, 2021-ci ildə universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində əhəmiyyətli işlər görülüb, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması sahəsində mühüm addımlar atılıb. Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbər və təmsilçiləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub və təmsil etdikləri ölkələrin universitetləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi sahəsində bir sıra müzakirələr keçirilib. Bütün bunlarla yanaşı, ali təhsil ocağı beynəlxalq layihələrdə də uğurla təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.